AZ

Akademik: Quraqlıq və torpağın deqradasiyası alimləri ciddi düşünməyə və çıxış yolları axtarmağa sövq edir

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin mühüm müddəalarından biri ərzaq təhlükəsizliyinə nail olunmasıdır. İqlim dəyişikliyinin ərzaq sisteminə mənfi təsiri bu məqsədin icrasını, əhalinin davamlı və sağlam qidaya çıxışı üçün edilən bütün səyləri risk altında qoya bilər. Dünyanın əksər yerlərində olduğu kimi, Azərbaycanda da quraqlıq, torpağın deqradasiyası və səhralaşma problemləri aktualdır.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda keçirilən yan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova söyləyib.

Akademik deyib: “Mövcud problemlər alimləri ciddi düşünməyə və çıxış yolları axtarmağa vadar edir. Ərzaq və bioloji təhlükəsizliyə müasir yanaşmaların tətbiqi ilə töhfə verilməsi rəhbərlik etdiyim AMEA Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olur. Ölkədə tədqiqatlar üçün Bölmə tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlərdən ikisini qeyd etmək istərdim. Bunlardan biri biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılmasıdır, digəri isə bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib-hazırlanmasıdır”.

Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri xatırladıb ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə Genetik Ehtiyatlar İnstitutunda Milli bitki Genbankının yaradılmasında ICARDA-nın texniki dəstəyi mühüm rol oynayıb: “Hazırda burada, eləcə də Əkinçilik, Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik və digər elmi-tədqiqat institutlarında yerli torpaq-iqlim şəraitlərinə uyğunlaşma əlamətlərini daşıyan minlərlə bitki nümunəsi, o cümlədən mədəni bitkilərin yabanı əcdadları və xalq seleksiyası sortları toplanaraq mühafizə edilir, öyrənilir və tövsiyələr verilir. Bütün bu genetik müxtəliflikdən səmərəli istifadə etməklə ölkə alimləri tərəfindən son 6-7 il ərzində 70-dən çox davamlı sort yaradılıb və rayonlaşdırılıb”.

Akademik İradə Hüseynova qeyd edib ki, daha bir məsələ müasir aqrar texnologiyalarının tətbiqidir: “FAO-nun və CGIAR mərkəzlərinin dəstəyi ilə bir neçə becərmə və suvarma, bitki mühafizəsi, torpaqların yaxşılaşdırılması texnologiyaları ölkəyə gətirilib. Onların yerli şəraitdə tədqiqi və sınaq proseslərinə elmi-tədqiqat müəssisələri, Azərbaycan Dövlət Aqrar Universiteti, aqroholdinqlər cəlb edilib. 2020-ci ildən etibarən ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb ki, bu sistem su və torpaqlardan istifadənin səmərəliliyinin təmin olunmasına xidmət edir.

“Agrofood” sistemindəki tədqiqatlarda rəqəmsallaşdırılma və digər yüksək texnologiyalar sürətlə dəyişən iqlim və torpaq şəraitinə uyğunlaşmanı vaxtında təmin etməyə kömək edir. Rəhbərlik etdiyim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda rəqəmsal fenomiks, genomiks, molekulyar, biokimyəvi, morfo-fizioloji və biofiziki parametrlərin bioinformatik proqramlarla kompleks müqayisəli analizinin nəticələri artıq davamlı sortların yaradılmasında birbaşa tətbiq edilib.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində davamlılıq kimi multimürəkkəb əlamətlərin genetik “arxitekturası”nın təyini üzrə tədqiqatlarda artıq irimiqyaslı genetik analizlər aparılır. Bu baxımdan, son tədqiqatlarımızda buğda genomunda yüksək dəqiqliklə təsərrüfat əhəmiyyətli multimürəkkəb əlamətlərin genetik izlərini identifikasiya etmək məqsədilə GWAS (genome-wide association studies) - bütöv genom üzrə qiymətli əlamətlərlə ilişikli assosiasiyaların təyini analizi aparılıb. Bunun üçün 188 yumşaq buğda genotipi 25k SNP-Array-Chip tətbiq etməklə tədqiq edilib. Rəqəmsal fenotipləmə texnologiyasından istifadə etməklə bitkilərin fizioloji vəziyyəti qeyri-invaziv olaraq (25 parametrin hesablanması əsasında) qiymətləndirilib. Ən müasir transkriptom analiz aləti hesab olunan RNAseq metodundan istifadə etməklə stresə davamlı və həssas buğda genotiplərində quraqlıq, istilik və duz stresləri ilə induksiya olunan transkriptom analizləri həyata keçirilib.

İnstitutda, həmçinin ölkə üçün aktual olan bitki xəstəliklərinin tədqiqi, diaqnostikası, onlara qarşı mübarizə üçün tövsiyələrin hazırlanması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə edilib”.

Akademik bildirib ki, kənd təsərrüfatının dayanıqlılığında, karbon emissiyası məsələlərində bir vacib elmi istiqamət də fotosintezin daha dərindən öyrənilməsidir: “Bu sahədə də bizim institut böyük təcrübəyə malikdir. Hələ 70 il öncə Azərbaycanda “yaşıl inqilab”ın atası, akademik Cəlal Əliyev məhsuldarlıq proseslərinin nəzəri əsası kimi fotosintezin kompleks şəkildə tədqiqi ilə ideal buğda bitkisi tipinin yüksək məhsuldarlığını təyin edən prinsipləri işləyib-hazırlamışdı. Bu tədqiqatlar molekulyar-genetik səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün prosesləri əhatə edib. Alınan nəticələr əsasında yaradılmış qısaboylu, məhsuldar sortlar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayıb”.

İradə Hüseynova elm və innovasiyalara istiqamətlənmiş investisiya qoyuluşlarının tezliklə böyük və uzunmüddətli faydalar verəcəyinə əmin olduğunu bildirib.

 

Seçilən
21
tehsil.biz

1Mənbələr