AZ

İşğaldan azad edilmiş rayonlarımız cənnətə çevrilir

Azərbaycanın 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatında əldə etdiyi naliyyətlər ölkəmizə bir sıra üstünlüklər gətirdi. Belə ki, əldə edilən qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzaladı ki, bu da işğal altında olan bir neçə rayonumuzun boşaldılmasına səbəb oldu. Daha dəqiq Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi  bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Adıçəkilən rayonların azadlığa qovuşmasından ötən dörd il müddətində həmin rayonlarda "Böyük Qayıdış" proqramı çərçivəsində ən müxtəlif layihələr həyata keçirilib. İşğaldan azad olunmuş rayonlarda abadlıq-quruculuq işləri aparılıb, yeni iş yerləri açılıb, yeni müəssisə və müxtəlif obyektlərin təməli qoyulub.  Ümumilikdə adlarıçəkilən rayonlara həyatın yenidən qayıtması müşahidə olunur.

Konkret olaraq  Ağdam rayonu işğaldan azad edildikdən sonra bu ərazidə sosial-iqtisadi quruculuq məqsədilə işlər görülür. Dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biri isə keçmiş məcburi köçkünlərin Ağdama qayıdışıdır. Bu ərazinin iqtisadi inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq Ağdamda tədbirlər, konfranslar həyata keçirilir. Görüləcək işlər barədə  ictimaiyyətə geniş məlumat ötürülür.Yeri gəlmişkən, Prezident İlham Əliyevin  ötən ilin sonunda Ağdama səfəri zamanı yeni layihələrin təməlinin qoyulması bu diqqət və qayğının bir nümunəsidir.

Prezident İlham Əliyevin Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulurdu. 4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan ibarət olan mənzillərin sayının 1 080 olması nəzərdə tutulur. 5-ci yaşayış məhəlləsinin isə ərazisi 12,12 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 3 803 nəfər təşkil edir. Mənzillərin sayının isə 1 115 olması planlaşdırılırdı. Burada mənzillərdən başqa istirahət guşələrinin, futbol meydançalarının, yerüstü dayanacağın, söhbətgahın, uşaq oyun meydançalarının tikintisi nəzərdə tutulub. Həmçinin yaşayış kompleksləri daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. İstilik və isti su təchizatının isə mərkəzi qazanxana sistemi vasitəsi ilə təmin edilməsi planlaşdırılırdı. Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin isə 2026-cı ildə yekunlaşması nəzərdə tutulub. Şəhərinin Baş Planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir. Xatırladaq ki, şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub.

Tikinti, quruculuq və abadlıq işləri Kəlbəcər rayonunda  da davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq Kəlbəcərin "İstisu" mineral suyu rəsmi qəbul və görüşlərdə masaları bəzəyir. Bu, Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biri kimi qiymətləndirilməlidir.  44 günlük Vətən müharibəsindən sonra Kəlbəcərə ilk səfərini reallaşdıran Ali Baş Komandanın arıçılarla səmimi söhbəti hələ uzun müddət xatırlanacaq. Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcərə növbəti səfəri zamanı bir neçə kəndin təməlini qoymaqla Böyük Qayıdışa zəmin yaratdı. Sözügedən proqram çərçivəsində Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir. Ümumilikdə, Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. Konkret olaraq 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə  610 evin inşası həyata keçiriləcək.
Sadalanan faktlar deməyə əsas verir ki, ərazi bütövlüyümüzün bərpa olunması işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr