AZ

Orta Asiya deyil, Türküstandır

Son illərdə türk dünyasında formalaşan əlaqələr və inkişaf dinamikası bütün dünyanın diqqətini cəlb edir. Tarixən müxtəlif səbəblərdən ayrı düşmək məcburiyyətində qalan türk xalqları fərqli formalarda inkişaf etməyə məcbur qalıb. Yerləşdiyimiz coğrafi şərait bizi bir-birimizdən ayırsa da, tarixən güclü bağlarla bağlıyıq. Çar və Sovet Rusiyası bizi ayıraraq, hökm etməyə başlamışdı. İndi isə hər bir türk dövləti müstəqil və öz müqəddaratını həll edəcək gücə sahibdir. Regionda olduğu kimi türk dünyası masasında da Azərbaycan və Türkiyə aparıcı rola sahibdir. Prezident İlham Əliyev birliyə böyük önəm verir. Dövlətlərarası münasibətlərin güclənməsi üçün fərqli istiqamətlərdə böyük əməkdaşlıqlara imza atılır.

Türkiyədə Təhsil Nazirliyi yeni dövrdə tarix dərsliklərində “Orta Asiya” əvəzinə “Türküstan” anlayışından istifadə edib. Bu çox böyük addım hesab olunur. Vaxtı ilə bu anlayış haqqında fikir bildirən hər kəs sürgün edilir, güllələnirdi. İndi isə rahatlıqla dərsliklərə qeyd edilir.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Önümüzdəki dövrdə Türk Dövlətləri Təşkilatını genişləndirərək bir Türk dövrü yaradacaq, çiyin-çiyinə çalışacağıq" deyib.

Bəli, çiyin-çiyinə!

Bizim çiynimizi yaslaya biləcəyimiz tək birlik məhz Türk Dövlətləri Birliyidir.

Tarixçilər bu işdə gələcək nəsillərin türk şüuru, milli şüur və vətənpərvərlik hissi ilə böyüməsinin vacib olduğunu vurğulayırlar. 

Demokrat.az Türküstan adının haradan gəldiyini və sonradan necə ortadan qaldırıldığını araşdırıb:

Türklərin yurdu mənasını verən Türküstan sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlanmışdır. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində Orta Asiya anlayışı formalaşmışdır. 

Türküstan hazırki İranın Xorasan bölgəsindən başlayır, Pamir və Hinduş-Kunlun dağlarının şimal ətəklərindən, Şimali Əfqanıstan da daxil olmaqla, Çinin Tun-huanq bölgəsinə qədər uzanır, oradan Mancuriyanın qərbinə çatır, bütün Cənubi Sibiri əhatə edir. Monqolustanla, qərbdə isə Ural dağları ilə birlikdə Volqa çayının Xəzər dənizinə çatdığı yerə qədər uzanır. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olmuşdur.

Çar Rusiyası dövründə Buxara və Xivə xanlarının general qubernatorluğuna daxil olmadığı Türküstan bölgəsi beş inzibati ərazi vahidinə bölünmüşdü.

Bolşevik inqilabı zamanı Türküstanda Türküstan Sovet Sosialist Respublikası, Buxara Sovet Xalq Respublikası və Xorəzm Sovet Xalq Respublikası kimi yerli təşkilatlar yarandı.

Müstəqillik tərəfdarlarına qarşı bolşevik ruslarla əməkdaşlıq edərək Türküstanda kommunizmin qurulmasına töhfə verdilər.

Türküstan adı 1924-cü il sentyabrın 16-da Sovet rəhbərliyi tərəfindən tamamilə aradan qaldırıldı.

Tarixçilər qeyd edirlər ki, Türk dünyasının ortaq tarixi, ortaq coğrafiyası, ortaq ədəbiyyatı, ortaq xəritəsi və ortaq əlifbası ilə bağlı çox mühüm addımların atıldığı bu dövrdə TürkiyəTəhsil Nazirliyinin Türküstan anlayışına yenidən nəfəs verməsi çox əhəmiyyətli bir addımdır. 

Türkiyəli tarixçilər məsələ ilə bağlı bildiriblər ki, bizim layihəmiz həm türk dünyamız, həm də türk dövlətlərinin tərəfdaş ölkələri üçün çox əhəmiyyətli bir başlanğıc və çox əhəmiyyətli bir xidmətdir. 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr