AZ

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı

COP29 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Elmdən təcrübəyə: aqrar-ərzaq sistemlərində ədalətli keçidin inkişafı” mövzusunda sessiya təşkil olunub.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupunun (CGIAR) dəstəyi ilə keçirilən tədbirdə Mərkəzin həmsədri İsmail Serageldin sessiyanın aqroərzaq sistemlərinin transformasiyası üçün elmi tədqiqatların, innovativ maliyyələşdirmənin və siyasət dəstəyinin inteqrasiyası üçün inklüziv baxışı təqdim etməyi qarşıya məqsəd qoyduğunu vurğulayıb.

İqlim dəyişikliyinin kənd təsərrüfatına, ərzaq istehsalına da böyük mənfi təsir göstərdiyini diqqətə çatdıran İsmail Serageldin deyib ki, aqroqida sistemləri ərzaq təhlükəsizliyinə və iqlimə davamlılığa nail olmaq üçün vacibdir. Bu sistemlər xüsusilə iqlim dəyişikliyinə həssas olan bölgələrdə əhəmiyyətli problemlərlə üzləşir. Elmi tədqiqatlar, regional əməkdaşlıq və innovativ maliyyələşdirmə aqroərzaq sistemlərində davamlı keçidin əsas hərəkətverici qüvvəsi kimi inkişaf etdirilməlidir.

Latviyanın iqlim və enerji naziri Kaspars Melnis ölkəsinin davamlı aqroərzaq sistemlərini dəstəkləmək üçün enerji və iqlim siyasətini necə inteqrasiya etməsindən danışıb, bu işdə yeni texnologiyaların tətbiqinin vacibliyindən söz açıb.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç dövlət başçısı təcrübəsi əsasında regional əməkdaşlığın iqlim problemlərinin həllində, xüsusilə aqroərzaq sektorundakı rolu mövzusunda danışıb. O, iqlim dəyişikliyinin, təbii fəlakətlərin ölkələrin ərzaq təhlükəsizliyinə mənfi təsirlərinin azaldılmasında elm mərkəzlərinin tədqiqatlarından yararlanmağın faydalarını vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev dövlətlərin kiçik fermerlərin dayanıqlı və iqlimə davamlı aqroərzaq sistemlərinə keçidində vacib rol oynaya biləcəyini deyib.

Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) alimi Akmal Akramxanov təmsil etdiyi qurumun dayanıqlı məhsul sortları və suya qənaət edən texnologiyalar kimi innovativ həllərin işlənib hazırlanması istiqamətindəki fəaliyyətindən bəhs edib.

Sessiyada CGIAR-ın tədqiqat və innovasiya təşəbbüslərindən söz açılıb, Azərbaycanda və Qafqaz regionunda uğurlu nümunələr əsasında kənd təsərrüfatı məhsuldarlığının yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsində genetik resursların rolu müzakirə olunub.

Seçilən
37
ikisahil.az

1Mənbələr