AZ

Hərbi büdcəmizin 8,3 milyarda çatmasının tək qaçılmaz səbəbi- erməni təcavüzü təhlükəsi...

Image

Ramil Məmmədli: “Bu kimi tədbirlər ölkənin daha etibarlı müdafiəsi deməkdir”

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. 

Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyası nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. 

“Məsələnin digər tərəfi odur ki, Fransa bir sıra silahları pulsuz olaraq Ermənistana ötürür”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılması zəruri idi: “Ona görə də büdcədə bunun nəzərə alınmasını müsbət dəyərləndirirəm. Çünki mövcud reallıqlar bunu tələb edir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları sayəsində ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etsək də arxayın ola bilmərik. Ona görə ki, bəzi xarici dövlətlər Ermənistanı silahlandırır, revanşist qüvvələri körükləyirlər. Nəzərə almaq lazımdır ki, Ermənistanın hərbi xərcləri 2025-ci ilə qədər kəskin artacaq. Ermənistan hökuməti 2025-ci ildə hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir. Ümumilikdə, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20 faiz çoxdur. İndiyə qədər Ermənistan büdcəsində hərbi xərclərə bu qədər önəm verilməmişdi. Üstəlik, Ermənistan Fransa və Hindistandan silah alışını getdikcə artırır. Aydın məsələdir ki, Ermənistan Azərbaycana qarşı silahlanır. Madam iki ölkə arasında imzalanacaq sülh sazişinin 80 faizindən çoxu razılaşdırılıb, o zaman bu silahlanma nəyə lazımdır? Bu, hələ məsələnin görünən tərəfidir. Məsələnin digər tərəfi odur ki, Fransa bir sıra silahları pulsuz olaraq Ermənistana ötürür. O üzdən, Azərbaycan haqlı olaraq müdafiə xərclərini artırır. Silah parkını modernləşdirir, yeni-yeni müasir silahların alınmasına vəsait ayırır. Çünki bu kimi tədbirlər ölkənin daha etibarlı müdafiəsi deməkdir. Biz istənilən xarici təhdidə hazır olmalıyıq”.

Vidadi ORDAHALLI





Seçilən
46
baki-xeber.com

1Mənbələr