AZ

82 yaşında 17,5 il həbs cəzası - 3,3 milyard dollarlıq fırıldaq

Yaşı səksəndən yuxarı olan Sinqapurlu neft treyderi uzun müddətdir davam edən və əmtəə sənayesini şoka salan işdə HSBC-ni aldatdığına görə 17 il yarım həbs cəzasına məhkum edilib.

"OK Lim" kimi tanınan və bir vaxtlar Sinqapurun ən varlı adamlarından biri olan Lim Oun Kuin HSBC-ni "aldatmaq" və saxtakarlığa kömək etməkdə təqsirli bilinərək məhkum edilib.

Qaynarinfo xəbər verir ki, "Hin Leong Trading"in 82 yaşlı qurucusu saxta sənədlərlə bankı aldadaraq təqribən 112 milyon dollar ödəməyə təşviq etməkdə ittiham olunur.

Singapur Dövlət Məhkəməsinin hakimi Toh Han Li verdiyi qərarda bildirib ki, cəzanın uzunluğu "gələcəkdə bu cür hərəkətlərin qarşısını almaq məqsədi daşıyır". Prokurorlar 20 il həbs cəzası tələb edib. Limin vəkili Davinder Sinx isə onun yaşını və pis sağlamlıq durumunu nəzərə alaraq cəzanın 7 il olmasını istəyib.

Lim məhkəmə iclaslarında əlil arabasında iştirak edib. "Bloomberg"in məlumatına görə, onun vəkili qərardan apellyasiya şikayəti verib və Limin həbs müddətinə apellyasiya iclasından sonra başlanacağı bildirilib.

Limin məhkəməsi əsasən onun "Hin Leong" şirkətində zərərləri gizlətməsi və banklara girov kimi göstərilən neft ehtiyatlarını satması ətrafında cərəyan edib. O, 2020-ci ildə HSBC, eləcə də Singapurun ən böyük kredit təşkilatı olan DBS kimi kreditorları 800 milyon dollar aldatdığını və bu itkiləri açıqlamamaq üçün maliyyə departamentinə göstəriş verdiyini etiraf etmişdi.

Başlanğıcda Limə qarşı yüz milyonlarla dolları əhatə edən 130 ittiham irəli sürülsə də, o, yalnız üç əsas ittiham üzrə məhkum olunub.

"Hin Leong" 2020-ci ildə neft bazarındakı böhran səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşib və şirkət çökmə ərəfəsinə gəlib. Lim uzun sürən hüquqi mübahisələri həll etmək üçün keçən ay iflas müraciəti edərək, kreditorlar və HSBC ilə 3,3 milyard dollar ödəmə razılığına gəlib.

Lim 1963-cü ildə tək bir yük maşını ilə neft distribyutoru kimi "Hin Leong Trading" şirkətini qurub. Onilliklər ərzində ailə biznesi böyüyərək Sinqapurun ən böyük müstəqil neft treyderinə və gəmi yanacağının əsas tədarükçüsünə çevrilib.

Aydın

Seçilən
26
4
qaynarinfo.az

5Mənbələr