Noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü komitəsində A/C.3/79/L.35 nömrəli, “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan, 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilib ki, qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar da ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
“İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur. 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4 minə yaxın azərbaycanlı, 2020-ci ildə Vətən müharibəsi zamanı isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.
2023-cü ildən etibarən ölkəmiz bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
Son illərdə, itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212 mindən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.
Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək.
XQ