Bu gün Ağdam rayonunun işğaldan azad edilməsinin 4-cü ili tamam olur. Vətən müharibəsinin başa çatmasından 10 gün sonra, 2020-ci il noyabrın 2-də Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq qoşunlarının qalıqlarını Ağdamdan çıxarması Azərbaycanın növbəti zəfəri oldu. Ağdamın bir güllə atılmadan, itki verilmədən azad olunması cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mühüm siyasi-diplomatik uğuru kimi tarixə düşdü. 27 illik işğaldan sonra Ağdam azadlığına və doğma sahiblərinə qovuşdu. Ağdam əhalisinin sayına görə işğaldan azad edilmiş rayonların arasında ən böyüyüdür. Qarabağ müharibəsində ilk şəhidlərimiz də bu rayonun sakinləridir. Azərbaycanda ən çox şəhidi olan da bu rayondur. Birinci Qarabağ savaşında Ağdamın ərazisinin 73 faizi işğal edilmiş, 128 min nəfər sakini məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə Ağdamın işğal edilməsi pislənilmiş, bu hadisədən narahatlıq ifadə olunmuşdu. Sənəddə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi. Lakin məlumdur ki, Ermənistan beynəlxalq qərarlara tabe olmaqdan yayınaraq, digər qətnamələr kimi 853 saylı qətnamənin də tələblərini yerinə yetirmədi. Təəssüf ki, beynəlxalq münasibətlərin ayrı-ayrı subyektləri BMT qətnamələrinin tələblərinin yerinə yetirilməsində qəti mövqe ortaya qoymadılar, yaxud, Fransa kimi dövlətlər öz riyakarlıqları ilə Ermənistanın işğal siyasətinə dəstək verdilər. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi Qarabağda müharibənin yenidən başlayacağı təqdirdə Azərbaycan Ordusunun əsasən Ağdam istiqamətindən hərbi əməliyyatlara başlayacağını ehtimal edirdi. Ona görə bu istiqamətdə bir neçə mərhələli güclü müdafiə mövqeləri yaratmışdı. Lakin Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu olduqca düzgün taktika seçdi və bu, ermənilərin bütün ehtimallarını alt-üst edərək, müharibənin gedişinə öz təsirini göstərdi. Azad edilməsindən cəmi 3 gün sonra – 2020-ci il noyabrın 23-də Ağdama səfər edərək burada Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev bununla bağlı deyib: «Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır». Bəli, Şuşadan sonra Ağdamın işğaldan azad edilməsi an məsələsi idi. Əgər 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza ataraq Prezident İlham Əliyevin şərtlərini qəbul etməsəydi, Ağdamdakı bütün erməni hərbi birləşmələri məhv ediləcəkdi. Beləliklə, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Vətən müharibəsində həyata keçirdiyi düzgün hərbi strategiya nəticəsində Ağdam işğaldan döyüşsüz azad edildi. Hələ sovet illərində Ağdam Azərbaycanın ən şöhrətli rayonlarından biri kimi fərqlənib. Lakin ermənilər işğal dövründə digər şəhər və rayonlarımız kimi Ağdamda da insanlığa ləkə olan vandalizm aktları törədiblər. Qafqazın Xirosimasına çevrilən Ağdam şəhərindən, habelə rayonun kəndlərindən əsər-əlamət qalmayıb. Ağdam şəhərindəki yeganə qalmış məsciddən isə ermənilər hərbi məqsədlər üçün istifadə ediblər. Düşmən Ağdamda xalqımızın mədəni və dini irsinə qarşı da vandallıq edib, tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsi üçün görünməmiş vəhşiliklər törədib. Artıq Ağdam azaddır və düşmənin vurduğu yaralar sürətlə sağalır. 2020-ci il noyabrın 23-də Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdi: «Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik». Xatırladım ki, Prezident İlham Əliyev azad edilmiş rayonların ictimaiyyəti ilə görüşlərinə ilk olaraq Ağdamdan başlayıb. 2021-ci il may ayının 28-ə, Müstəqillik Gününə təsadüf edən həmin görüş zamanı həm də ermənilərin tamamilə dağıtdığı Ağdam şəhərinin təməli qoyulub. Ötən illərin mənzərəsi göstərir ki, cənab Prezidentin Ağdamın bərpası ilə bağlı vədi layiqincə və qətiyyətlə gerçəkləşir. Müzəffər Ali Baş Komandan lider əzmi ilə bu rayonun tarixi şöhrətini özünə qaytarır. Bərpa edilən digər şəhər və rayonlarımız kimi Ağdamda da ilk olaraq enerji təchizatı infrastrukturları yaradılıb. Ağdam şəhərində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi, “Ağdam” qovşaq yarımstansiyası istifadəyə verilib. O cümlədən indiyə kimi rayonda “Aghdam City Hotel”in və Bərdə-Ağdam yolunun tikintisi, İmarət Kompleksinin bərpası başa çatdırılıb. Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Yeni yaradılan Ağdam Sənaye Parkı və onun ərazisində müxtəlif sənaye müəssisələri isə ümumilikdə bütün Qarabağın iqtisadi inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək. Bütün bunlarla yanaşı indiyə qədər Ağdam şəhərində yaşayış komplekslərinin, 1 saylı məktəbin yeni binasının, rayon mərkəzi xəstəxanasının, “Park Forest Hotel Ağdam” mehmanxanasının, “İmarət” stadionunun, dəmir yolu və avtovağzal kompleksinin, Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam-Füzuli avtomobil yolunun, o cümlədən rayonun Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin təməlləri qoyulub. Göründüyü kimi Ağdamın bərpası və quruculuğu istiqamətində işlərin miqyası böyük və qürurvericidir. Ağdam üçün həm də yeni tarix başlayıb. Xalqımız üçün kədərli olan Ağdamın işğalı tarixi artıq keçmişdə qalıb. İndi bizim üçün təqvimdə əlamətdar tarix - 20 noyabr Ağdam Şəhər Günü var. Bu günü xalqımıza bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın bu dilbər güşəsinə həm də yeni həyat bəxş edir. Ən müasir standartlar səviyyəsində bərpa olunan Ağdam tezliklə tarixi şöhrətini özünə qaytaracaq və Azərbaycanın füsunkar bölgələrindən birinə çevriləcək.
Xanlar FətiyevMilli Məclisin deputatı