“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim, niderlandlı sələfi Erik ten Haqla müqayisədə daha az transfer büdcəsi alacaq.
Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.
“Mançester Yunayted” rəhbərliyi portuqal mütəxəssisə “qırmızı şeytanlar”ın komanda heyətinin imkanlarını açmağı tapşırmaq istəyir ki, kollektiv daimi kütləvi dəyişikliklərdən qaçsın. Bunun üçün baş məşqçinin yeni oyunçuların alınması üçün məhdud büdcəsi olacaq ki, bu da Amorimi futbol meydanında klubda mövcud olan oyunçuların “suyunu sıxıb şirəsini çıxarmağa” mütləq dərəcədə məcbur edəcək.
Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.
Noyabrın 11-də Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.
Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.
Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.
Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
Ruben Amorimin “Mançester Yunayted”in sükanı arxasında ilk sınağı İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində, bazar günü, noyabrın 24-də “İpsviç Taun”la səfər oyununa təsadüf edəcək.