AZ

Səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi - iqlim gündəliyinin əsas elementidir - Bakı limanının nümayəndəsi

Bakı, TurkicWorld

Səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi iqlim gündəliyinin əsas elementlərindən biridir.

TurkicWorld xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC -nin Baş direktorun katibliyinin beynəlxalq əlaqələr üzrə meneceri Natavan Ağayeva COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib.

"Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi iqlim gündəliyinin əsas elementidir. Burada, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təşkilatçılığı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dəstəyi ilə keçirilən bu tədbirdə məqsədimiz Orta Dəhlizin Yaşıl Dəhlizə çevrilməsi üçün ortaq və vahid baxış formalaşdırmaqdır.

Beynəlxalq ticarət sadəcə insanların və yüklərin daşınmasından ibarət deyil. Bu, həmçinin ciddi ekoloji çağırışlar və təhdidlər yarada, iqtisadi və sosial sahələrdə sağlamlığa təsir göstərə bilər. Buna görə də, bu gün qarşımızda duran vəzifə - nümayəndələr, ekspertlər və praktiki mütəxəssislərlə birgə işləyərək ümumi yanaşmalar və gündəmlər müəyyən etmək, eləcə də Orta Dəhlizi ekoloji cəhətdən davamlı nəqliyyat marşrutuna çevirmək üçün strategiyalar yaratmaqdır", - deyə o bildirib.

Natavan Ağayeva qeyd edib ki, Orta Dəhliz 4 250 kilometr dəmir yolu və 500 kilometr dəniz marşrutunu əhatə edir. Bakı Limanı isə Şərq və Qərbin, Avropa və Asiyanın, həmçinin Şimalda Rusiya və Cənubda İranın kəsişməsində strateji üstünlük təşkil edir. Limanın keçirmə qabiliyyəti 15 milyon ton, o cümlədən 100 min TEU-dur.

N.Ağayeva, həmçinin, COP29 çərçivəsində Xəzər regionunun ekoloji problemlərinin araşdırılması və həlli yollarının işlənib hazırlanması məqsədilə Xəzər Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin yaradılmasının elan edildiyini xatırladıb.

"Mərkəz Xəzər dənizində su səviyyəsinin azalması problemini araşdırmaq və bununla mübarizə üçün effektiv tədbirlər axtarışına yönələcək. Elmi-tədqiqatlarla yanaşı, bu mərkəz region ölkələrinin, şirkətlərin və alimlərin əməkdaşlığını gücləndirəcək", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
10
50
turkic.world

10Mənbələr