AZ

13 yaşlı norveçli EKOFƏAL: “İqlim dəyişikliyi bizim gələcəyimizə təsir edir”

COP29 konfransında uşaqlar da aktiv iştirakları ilə seçilirlər. Onlar iqlim dəyişikliklərinin uşaqlara təsirinə diqqət çəkmək üçün müxtəlif çıxışlar edirlər. Yaşlarının az olmasına baxmayaraq bu barədə çox məlumatlı görünürlər və aralarında artıq ekoaktivist olanlar da var.
Onlardan biri də Norveçdən 13 yaşlı ekoaktivist Anna Halten Horndur.

O, Bizim.Media-ya iqlim dəyişikliyinin uşaqlara təsirindən danışıb.

"Biz uşaqlar bu planetdə böyüyüb yaşayacağıq, böyüklərdən sonra dünya bizim olacaq. Ona görə də iqlim dəyişikliyi məsələsini həll etmək çox vacibdir, çünki bu, əsasən bizim gələcəyimizə təsir edir. İqlim dəyişikliyi, yaşadığın bölgədən asılı olaraq fərqli problemlərə səbəb ola bilər. Məsələn, Norveçdə bu təsirləri o qədər də aydın görmürük, amma dünyanın cənubunda yerləşən ölkələrdə iqlim dəyişikliyinin dağıdıcı təsirləri hiss olunur".

Anna bildirib ki, iqlim dəyişikliyindən bu qədər çox məlumatlı olmasının səbəbi valideynlərinin təbiətlə bağlı sahələrdə çalışmalarıdır:

"Məktəbdə iqlim dəyişikliyi haqqında biraz öyrənirik, amma bu, kifayət qədər deyil. İnsanların iqlim böhranının nə qədər təhlükəli və geniş miqyaslı olduğunu başa düşməsi üçün bu mövzuda təhsil daha çox olmalıdır. Hər iki valideynim təbiətlə işləyir və mən Ekoloji Agentlərin uşaq panelinin bir üzvüyəm. 2019-cu ildə Ekoloji Agentlər Norveçdə mənim yaşadığım şəhərə gəlmişdi və bundan sonra mən iqlim böhranı haqqında daha çox şey öyrəndim. İndi isə böyük bir iqlim fəalıyam, müxtəlif nümayişlərdə iştirak edirəm".
 

Norveçli məktəbli konfransdan gözləntilərini dilə gətirib.


"Danışıqların necə getdiyini görmüşəm. 233-cü maddə haqqında eşitmişəm, burada uşaqların hüquqları barədə bəzi məqamlar yazılıb. Mən bu məsələnin həll olmasını, uşaqların hüquqlarının daha çox nəzərə alınmasını istəyirəm".

Nuray, Günay Şahmar, Bizim.Media

Seçilən
79
32
bizim.media

10Mənbələr