AZ

"Uşaqların hüquqları və rifahı üçün birgə çalışmalıyıq!" - QHT sədri

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a verdiyi açıqlamada Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini vurğulayıb.

"1954-cü ildə BMT Baş Məclisi bu günü bütün dünya ölkələrinə uşaqların rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətlərə həsr etməyi tövsiyə etmişdir. Daha sonra, 1959-cu ilin 20 noyabrında Uşaq Hüquqları Bəyannaməsi qəbul edildi və 1989-cu ilin eyni günündə Uşaq Hüquqları haqqında Konvensiya imzalandı. Bu gün dünyada uşaqların hüquqlarının qorunmasına, onların inkişafına və rifahına diqqət yetirməyə çağırır," – deyə Cəmilə Abdulova bildirib.

Azərbaycanda Ümumdünya Uşaq Hüquqları Günü çərçivəsində xüsusi tədbirlərin həyata keçirildiyini qeyd edən QHT sədri vurğulayıb ki, bu gün ən möhtəşəm binaların mavi rəngə boyanması ilə uşaqların hüquqlarına olan diqqət bir daha simvolik şəkildə nümayiş etdirilir.

"Mavi rəng, uşaqların sülh, təhlükəsizlik və xoşbəxt bir gələcək üçün layiq olduqları dəstəyi simvollaşdırır. Bu jest cəmiyyətimizə uşaqların hüquqlarına hörmət göstərməyə və onların həyatını yaxşılaşdırmaq üçün birləşməyə çağırışdır," – deyə o əlavə edib.

Sonda QHT sədri hər kəsi gələcək nəsillərin xoşbəxt, təhlükəsiz və ədalətli bir dünyada yaşaması üçün birgə çalışmağa çağırıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr