AZ

"Şübhəsiz ki, Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat qayıdacaq"

“Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Ağdam rayonunun işğaldan azad olunmasının dördüncü ildönümünü qeyd edir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq  işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 20 Noyabr-Ağdam şəhər günüdür. Hamıya məlum olduğu kimi, Ağdam rayonunun hərbi-siyasi yolla işğaldan azad olunması üç il öncə imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bununla da, Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi”.

 Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 Deputat açıqlamasında bildirib ki,  Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, yəni beynəlxalq hüquqa hörmət etsəydi  problem çoxdan həllini tapardı. Çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının  1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qaldı.  Şübhəsiz ki, ötən dövr ərzində məsələnin sülh yolu ilə həll olunmamasının birinci səbəbi Ermənistanın destruktiv siyasəti idisə, ikinci səbəb isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmaması idi. Beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar nəticəsində Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməklə kobud şəkildə pozulmuş beynəlxalq hüququ və ədaləti bərpa etmiş oldu.

Həmçinin, T.Cəfərova qeyd edib ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. İşğalçı Ermənistanın vandal siyasətinin nəticəsidir ki, Ağdamın Xrosimadan heç bir fərqi qalmamışdır. Hətda,  Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

 Şübhəsiz ki, Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat qayıdacaq. Cənab Prezident Ağdam şəhərinin bərpa edilməsi haqqında çıxışlarından birində belə deyib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Əlbəttə, Ağdam özünün əvvəlki şöhrətini bərpa edəcək. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər  baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama səfərlərini xüsusi vurğulayan millət vəkili T. Cəfərova bildirib ki, cənab Prezident ötən dörd ildə Ağdam rayonuna dəfələrlə səfər etmiş və bu səfərlərin hər biri mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri ilə yadda qalmışdır. Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

 

 

Seçilən
79
50
azerforum.com

10Mənbələr