Bir müddətdir ki, “Instagram” hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən jurnalist Qənirə Ataşovanın səhifəsi bağlanıb. Manset.az xəbər verir ki, bu barədə jurnalistin özü “Facebook” hesabında məlumat yayıb. Həmçinin Qənirə Ataşova ölümlə hədələndiyini qeyd edib: “Rezidenturasız cərrahlar kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram. Haker hücumlarını maliyyələşdirənlər arasında LBC klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, “Badam” klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada “makler” kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var. Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları trol ordusu, saxta hesablar və hətta haker hücumlarına yönəldirlər. Hüquq-mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir”. Xatırladaq ki, bir müddət öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “Instagram” hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Daha sonra ittiham edilən tərəf Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. Jurnalist isə sosial şəbəkə hesabında barəsində deyilənlərin gülünc olduğunu bildirib.