AZ

Əsas problemlərdən biri kəndlərdə həkim çatışmazlığıdır - Səhiyyə naziri

"Həkimlər, tibb bacıları təkcə tibbi xidmət göstərənlər deyil, həm də sağlam cəmiyyətin sütunlarıdırlar".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində "İqlim dəyişikliyinin sağlamlıqla bağlı təsirlərinə hazırlıq və müdaxilə üçün səhiyyə işçi qüvvəsinin inkişaf etdirilməsi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib:

"Səhiyyə mütəxəssislərinin hazırlanması uzun və baha başa gələn prosesdir və qlobal səviyyədə səhiyyə işçilərinin çatışmazlığı mövcuddur.

Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır. Problem hər hansı effektiv səhiyyə sisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində icma səviyyəsində xüsusilə aktualdır".

Nazir vurğulayıb ki, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılmasına üstünlük verilməlidir:

"Əsas fəaliyyətlərə aşağı karbonlu, dayanıqlı səhiyyə sistemlərinin qurulması, "yaşıl xəstəxanalar"ın inkişafı və iqlimədavamlı səhiyyə işçilərinin hazırlanması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacib komponentləridir. İqlim və sağlamlıq fəaliyyətlərində davamlılığın təmin edilməsi sağlamlığın iqlim gündəliyinin əsas hissəsinə daxil edilməsi üçün çox vacibdir. İqlim gündəmi indi səhiyyə gündəmindən ayrılmazdır".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
1
1
teleqraf.com

10Mənbələr