AZ

Səhiyyə Nazirliyi və ÜST-nin birgə təşkilatçılığı ilə panel müzakirəsi keçirildi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Musavat.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29 çərçivəsində aparılan müzakirələr zamanı müvafiq nəticələr əldə olunub və bu istiqamətdə atılacaq növbəti addımlar müəyyənləşib: “COP29 çox uğurlu, məhsuldardır və şübhəsiz, iqlim dəyişikliyi hərəkatı tarixində öz irsini qoyacaqdır. İlk dəfə olaraq insan inkişafına vahid yanaşma gündəmə gətirilib. İqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirələrin mərkəzinə çevrilib, iqlim və sağlamlıq üçün yeni paradiqma irəli sürülüb”.

Nazirin sözlərinə görə, panel müzakirəsinin əsas məqsədi istənilən səhiyyə sisteminin ən vacib komponenti olan səhiyyə işçi qüvvəsindən istifadə etməklə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üsullarını müəyyən etməkdir: “Həkimlər, tibb bacıları və tibb texnikləri təkcə səhiyyə işçiləri deyil, həm də sağlam cəmiyyətin sütunlarıdır. Səhiyyə mütəxəssislərinin hazırlanması uzunmüddətli, kifayət qədər investisiya tələb edən bir prosesdir və biz səhiyyə təminatçılarının qlobal çatışmazlığı ilə üzləşirik”.

Teymur Musayev bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır: “Problem cəmiyyət səviyyəsində, hər hansı effektiv səhiyyə sisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində daha çox özünü göstərir”.

Onun sözlərinə görə, iqlimə davamlı səhiyyə işçi qüvvəsinin inkişafı bir çox aspektləri, o cümlədən tibbi təhsil islahatı, aspirantura təhsili və ucqar ərazilərdə səhiyyə işçilərini həvəsləndirmək üçün hədəflənən strategiyaları əhatə edir. Buraya həmçinin tibb işçilərini xidmət olunmayan ərazilərdə yaşamağa və işləməyə həvəsləndirmək səyləri də daxildir:

“Bu, təkcə strateji planlaşdırma məsələsi deyil, həm də insan hüquqları məsələsidir - insanlar sağlamlıq ehtiyaclarının ödənildiyi təhlükəsiz mühitlərdə yaşamağa layiqdirlər. Nəzərə alsaq ki, iqlim dəyişikliyi davam edir və yaxın gələcəkdə geri çevrilməsi ehtimalı azdır, biz onun sağlamlığa təsirlərinin azaldılmasına üstünlük verməliyik. Əsas fəaliyyətlərə iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması, yaşıl xəstəxanaların inkişafı və iqlimə davamlı tibb işçi qüvvəsinin yaradılması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacib komponentləridir”.

Nazir COP29-un gələcək iqlim fəaliyyətinin formalaşdırılması üçün bir platforma olaraq unikal rola malik olduğunu vurğulayıb:

“Diqqətçəkən nailiyyətlərdən biri “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması təşəbbüsüdür. İqlim dəyişikliyi və sağlamlıqla bağlı fəaliyyətin davamlılığının təmin edilməsi sağlamlığın iqlim dəyişikliyi gündəliyinin mərkəzinə uğurla yerləşdirilməsi üçün çox vacibdir. İqlim dəyişikliyi gündəliyi indi səhiyyə gündəmindən ayrılmazdır. Hesab edirəm ki, Bakı Konfransındakı müzakirələr bu hərtərəfli gündəliyin irəliləməsinə güclü təkan verəcək”.

“İqlim şəraitinə davamlı səhiyyə kadr potensialının yaradılması mürəkkəb və çoxşaxəli problemdir. Bunun üçün intensiv təlim, səhiyyə işçilərinə sosial və iqtisadi dəstək, maarifləndirmə və digər müxtəlif tədbirlər tələb olunur. Bu məqsədə nail olmaq üçün vaxt və davamlı maliyyəyə ehtiyac duyulur. Bununla belə, milli və beynəlxalq tərəfdaşların əməkdaşlığının qurulması ilə biz xalqımız üçün daha sağlam və dayanıqlı gələcək qurmaqda uğur qazana bilərik”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrini tamamlayıb.

Panel müzakirəsində, həmçinin ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı, Afrika üzrə İqlim Dəyişikliyi, Sağlamlıq və Ətraf Mühit Qrupunun regional rəhbəri Yeremiya Muşoşo, Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İsrail Səhiyyə Nazirliyi Ətraf Mühit Epidemiologiya Departamentinin müdiri İzabella Karakis, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və digərləri iştirak ediblər.

Seçilən
1
2
musavat.com

3Mənbələr