“Putin istənilən an nüvə silahından istifadə edə bilər”.
“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuat konfransında deyib.
Vuçiç xəbərdarlıq edib ki, Prezident Vladimir Putin ölkəsinin təhlükəsizliyinə və ordusuna ciddi təhdidin olacağı, alternativ variantın olmayacağı təqdirdə nüvə silahından istifadə etməkdən çəkinməyəcək.
Onun sözlərinə görə, dünya fəlakətin bir addımlığındadır və növbəti addım nüvə müharibəsinə gətirib çıxara bilər.
“Fikrimi sizə açıq deyəcəyəm. Düşünürəm ki, heç kim əllərində olan bütün silahlardan istifadə etməkdən çəkinməyəcək... Qərbdə deyəcəklər ki, Putin onlarla oyun oynayır və onları hədələyir, amma əslində o, qorxur və sizə deyim ki, Prezident Putini tanıyan çox az adam var. Əgər Moskvanın və onun qüvvələrinin təhlükəsizliyi təhdid edilərsə... o, nüvə silahından istifadə etmək üçün bir an belə tərəddüd etməyəcək”, - deyə A.Vuçiç vurğulayıb.
Vuçiç Serbiyanın nüvə müharibəsinə hazır olmadığını bildirib:
"Biz nüvə müharibəsinə hazır deyilik. Sığınacaqlarda 257 000 nəfər üçün yerimiz var və biz ən azı bir milyon insan üçün infrastrukturu yenidən qurmağa başlamalıyıq. Biz bunun üzərində səylə çalışacağıq. Vətəndaşlardan üzr istəyirəm ki, biz bu işə vaxtında başlamamışıq, lakin bununla məşğul olacağıq”.
Qeyd edək ki, noyabrın 18-də ABŞ Prezidenti Co Bayden Ukraynaya ABŞ-nin uzaqmənzilli raketlərindən Rusiyanın dərinlklərinə zərbələr endirmək məhdudiyyətini aradan qaldırmaqla bağlı fərman imzalayıb.
Buna cavab olaraq Prezident Vladimir Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiq edən fərman imzalayıb.