AZ

Sincanın ürəyi - Urumçi

Yazını böyüt
Yazını kiçilt

Kaşqarda keçirdiyim günlərin ən yaddaqalan xatirələrdən biri Ussaq kəndində keçirdiyim saatlardır. Kəndlilərin sosial həyatı, gündəlik yaşayışı ilə tanış olmağı çox istəyirdim. Sağ olsunlar, kömək edib məni çox maraqlı bir ailəyə qonaq etdilər.

Kaşqar şəhərinin ətrafında, asphalt küçələrin hər iki kənarı ilə siralanan kənd evlərindən birinə gəldim. Darvazanın ağzında qarşılayan qocaman ev sahibi “xoş gəlmisiniz” deyib həyətə dəvət elədi.

Kənd qonaqpərvərliyi

Kürsüsüz, amma çox geniş və modern evin həyətində şahanə bir stol bəzənmişdi. Meyvə, şirniyyat, ləbləbi, ən əsası isə nimçədə doğranmamış, bütöv şəkildə qalanmış Kaşqara məxsus təndir çörəkləri.

Əyləşdik. Bir andaca gənc xanımlarından biri çay gətirdi, evin ağbirçək sahibəsi Aygül xanım isə iri və dairəvi, amma nazik təndir çörəyini götürüb əli ilə tikələrə böldü qarşımıza qoydu. Dedi ki, Kaşqarda gələn qonağı çörəkə qonaq etmək milli adətdir.

Evin sahibi Əbdürrəhman kişi – onun 72 yaşı vardı – təkrar salamlaşıb, “çayımızı soyutmayın” deyib əlindəki fincandan bir-iki qurtum içdi. Elə söhbətimiz də çay süfrəsində davam elədi. Dedi ki, şəxsi təsərrüfatı var, geniş həyət-bacasında yetişdirdiyi meyvə-tərəvəzi satıb, dolanır. Bir-iki baş malqarası, qoyunları da var. Həmd olsun, dolanışığından narazı deyil.

Əbdürrəhman kişi dedi ki, üç övlad atasıdır, iki qızı, bir oğlu var, hərəsi də bir ev, ailə sahibidir, işləri-gücləri var. Oğlu avtoməktəbdə dərs deyir, qızlarından biri icra hakimiyyətində işləyir, digəri isə bizneslə məşğuldur. Hə, ikisi oğlan, altısı qız olan səkkiz nəvəsi də var ki, hazırda məktəbdədirlər.

Hökumətin kənd camaatına qayğısından ağız dolusu danışan ev sahibi bildirdi ki, kənddə hamı bacarığına uyğun işlə təmin olunub. Böyük təsərrüfatlar birləşərək daha güclü istehsal qrupu yaradırlar, özü kimi kiçiklər isə çox vaxt fərdi fəaliyyət göstərirlər.

Əbdürrəhman kişinin sözlərinə görə, yaşlı insanlara dövlət qayğısı var. Ölkədə ən aşağı təqaüd 1200 yuandan (500 manat – V.T.) başlayır və artır. Ona görə də heç nəyə ehtiyac duymurlar.

Ev sahibləri söhbət edə-edə həyət-baca ilə də tanış oldum. Dörd tərəfi qonşu evlərin divarları ilə əhatə olunan geniş bağda demək olar ki, ot-alaq yoxdur, hər yan tər-təmizdir. Sıra ilə əkilmiş əncir, nar, gavalı, alma, ərik, şaftalı ağaclarına yüksək qulluq göstərildiyi ilk baxışdan hiss olunur. Həyət divarları boyunca əkilmiş üzüm meynələri taxta çardaqların üstünə yayılıb.

Əbdürrəhman kişi dedi ki, bağdan toplanan üzüm, əncir, ərik – bütün meyvələri ya topdansatış məntəqələrinə verirlər, ya da özləri qurudub çərəz kimi satırlar.

Söhbətimiz elə maraqlı idi ki… Amma vaxt az idi, Urumçiyə uçacaq təyyarəyə çatmalıydım. Odur ki, sağollaşıb yola düşdüm.

Göydələnlər şəhəri

Nağıllara dönən Kaşqardan Urumçiyə qayıdanda narın yağış yağırdı. Ona görə də islanmamaq üçün özümü hava limanının qarşısında gözləyən avtobusa atdım.

Avtobus otelə doğru şütüdükcə başı buludlardan su içən göydələnlərin yuyulan simasına tamaşa edib, bu qədim yurdun əfsanələrlə dolu keçmişinə daldım. Böyük Urumçi, nələri görmədi, nələri yaşamadı… Qədim xanədanları, böyük savaşları, dövrünün sürətli iqtisadi-ticari inkişafını - günümüzədək bəxtinə yazılan hər yazını yaşadı, yüzillər boyunca dəvə karvanlarının günçıxandan günbatana yolçuluğuna şahidlik elədi, amma heç vaxt simasını dəyişmədi. Əksinə, Urumçi bu gün 5 milyonluq əhalisi ilə dənizdən uzaqda ən böyük şəhər olaraq Çini Qərbi Asiya və Avropaya bağlayan mərkəz rolunu özündə saxladı.

Bu gün Urumçi Beynəlxalq Hava Limanından 59 ölkəyə 45 beynəlxalq və 82 şəhərə 62 daxili aviareys olmaqla toplam 117 marşrut üzrə təyyarələr uçur. Urumçi Dəmiryol Stansiyası 20 beynəlxalq və yerli dəmiryol xətti istiqamətinə qatarlar yola salır və ya qəbul edir.

Nə isə, ilan kimi bir-birinə dolaşan izdihamlı küçələri ötərək qalacağım Kunlun Hotel-ə çatdım.

Səhər yenə çiskin yağırdı deyə alatoran idi. Ümumiyyətlə, payız aylarında Urumçinin havası yağmurlu olur. Küçədə harasa gedib-gələn sakinlərin demək olar hamısının əlində çətir vardı. Hətta qaldığım otelin çıxışında masanın üstünə qonaqlar üçün bir qalaq çətir qoyulmuşdu ki, istəyən götürsün.

Sincanın "Şərab şəhəri"

Urumçi ətrafındakı Manas bölgəsinə yollandıq. Sincanın ən iri şərab istehsalı ilə məşğul olan şirkəti Citic Guoan Wine Co., Ltd-nin ofisi və müəssisəsələri buradadır.

Şirkətin əsas məqsədi şərab sənayesini genişləndirmək, onu özünün əsas istehsal sahəsinə çevirməkdir. Bu məqsədlə Sincandakı unikal resurs üstünlükləri ilə Citic Guoan Wine Co., Ltd şərabçılıq üçün yerli üzüm bazası yaradıb və Çində, hətta bütün Asiyada emal imkanlarını inkişaf etdirmək üçün beynəlxalq qabaqcıl texnologiyaya sahiblənib. Nəticəsi də budur ki, günümüzdə şirkətin şərab brendi olan "Xintian", "Western Region" və "Xintian Nia" Çində şöhrət qazanıb.

Şirkət özünün korporativ fəlsəfəsi kimi ekoloji istehlakı və keyfiyyətli həyat tərzini təbliğ edir, Tyan-Şan dağlarının ətəklərində və İli vadisində iki unikal orijinal ekoloji üzüm plantasiyasına, eləcə də Manasdakı üzüm bağlarına malikdir. Hazırda şirkətin Fransa və İtaliyadan gətirilən ən son texnalogiyaya əsaslanan 4 milli səviyyəli elmi tədqiqat platforması və 7 əyalət səviyyəsində şərab elmi tədqiqat mərkəzi var. Şirkət Çinin ilk kiçik şərab üzümü istehsal sahəsi və yerli şərab sənayesində ilk "milli yaşıl zavodu" adına layiq görülüb, yerli və beynəlxalq şərab yarışlarında ümumilikdə 300-ə yaxın qızıl və gümüş mükafat qazanıb.

Hazırda elmi-tədqiqat bazasının əsas işi, gələcəkdə ölkənin şərab istehsalı sahələrinin elmi şəkildə bölünməsinə və brendlərin elmi müstəvidə qurulmasına töhfə verməkdir.

Bazanın yerləşdiyi Manas üzüm bağları Tyan-Şan dağlarının şimal ətəyində şərab sənayesi qurşağının əsas istehsalat sahəsində yerləşir. Bu, dünyada tanınan şərab üzümünün qızıl enlik kəməri olan Fransadakı Bordo ilə eynidir. Manas üzüm bağı mürəkkəb relyef quruluşuna malik orta-mülayim kontinental iqlimə malikdir, illik günəş işığının vaxtı 2721 saat, illik yağıntının miqdarı 215,6 mm, pH isə 8,0 zəif qələvi çınqıllı qumludur. Tyan-Şan dağ buzlaqlarının ərimiş suları ərazidəki Manas və Tasi çayları boyu salınan üzüm bağlarını suvarır. Manas rayonu Sincanın "Şərab şəhəri"dir və "Çində şərab üzümlərinin vətəni" kimi tanınır.

Şirkətlə tanışlıqdan sonra Manasdakı “Smart Agriculture” adlı Ağıllı Kənd Təsərrüfatı layihəsi ilə tanışlıq üçün həmin elmi mərkəzə də baş çəkdim.

Tyan-Şanın zirvəsində

Vaxt quş kimi uçurdu, biz isə iki saata yaxın yol qət edərək Çinin ən füsunkar turizm bölgələrindən olan Tyan-Şan dağlarındakı Tyançi Milli Təbiət Parkına getməliydik. Ona görə də nahar edib yola çıxdıq.

Sincanın “zümrüd gölü” adlanan Tyançi gölünün təbiəti o qədər əsrarəngizdir ki, el arasında onu “səmavi dağların incisi” adlandırırlar.

Yol dağlara sarı yüksəldikcə sanki yağış da şiddətlənirdi. Bayırda havanın xeyli soyuduğu hiss olunurdu. Buna baxmayaraq, gölə uzanan yüksək keyfiyyətli asfalt yolun sağ kənarı ilə üzüaşağı süzülən kiçik Sanqun çayının dərəsində müəyyən məsafədən bir tikilmiş alçaq terraslar süni şəlalələr yaradaraq hamı kimi məni də sehrləmişdi. Yol dağın yamaclarını örtən sıx meşədən keçdiyi üçün ərtaf daha füsunkar idi. Hətta dedilər ki, buralar isti fəsildə turistlərlə dolub-daşır.

Hə, onu da dedilər ki, bu yerlərdə çox sayda dağkeçiləri ilə yanaşı, bəzən ayı, canavar, bəbir kimi yırtıcı heyvanlar da görünə bilər. 

Yol yoxuşa dırmandıqca yağış yerini sulu qara verirdi. Ətrafda duman da hiss olunurdu və irəlilədikcə daha da qatılaşırdı. Hətta yerli qazaxların yaşadığı ənənəvi ağ çadırlardan ibarət kiçik Sanqinsa auluna çatanda artıq qar yağırdı.

Əvvəlcə 3 min metr yüksəkliyə qalxıb Çinin ən məşhur dağ turizm bölgəsini görməyə qərar verdik. Topuğa qalxan qar mənfi dörd dərəcə şaxtada donduğu üçün ayaq altında əzildikcə xışıltısı qulaqlarda cingildəyirdi. Ona görə də bir az ehtiyyatlı gəzmək lazımdır ki, yıxılıb əzilməyəsən.

Ətraf dağlar, sııldırım dərələr o qədər gözəl idi ki… İri şam və küknar ağaclarının budaqlarını əyən bəyaz qar qatı dumanı torpaqla birləşdirirdi.

Kanata oturub daha 200 metr yüksəyə qalxdım. Burada Çin hökuməti turistlərin ilboyu istirahətini zənginləşdirmək üçün yanları mühəccərlə bağlı taxta terraslar tikib. Burada turistlər qarşıdakı zirvələri də müşahidə edə bilirlər. Düzdür, qatı duman olduğundan önümdəki geniş dərəni örtən ağappaq duman bir az uzağı aydın görməyə imkan verməsə də, sanki şaxə qalxan boz zirvələri gizlədə bilmirdi.

Ətrafa doyunca tamaşa edib, bir-iki xatirə şəkli çəkdirdim, kiçik bir videosujet də hazırlayıb geri qayıtdım. Axı Tyançi gölünü də görməliydik.

Sincanın zümrüd gölü

Bayaqkı zirvədən az qala min metr aşağıda yerləşməsinə baxmayaraq, sahillərini buzlu qar örtən Tyançi gölü qatı dumanda qeybə çəkilmişdi. Ehtiyyatla sahilə ensəm də, az qala 15-20 addım aralını görmək mümkün deyildi, hətta aydın havalarda turistləri göldə gəzdirən, amma indi çarəsizcə lmanda gözləyən yaxtanı belə çətinliklə görürdüm.

Bu gün duman gölün gözəlliyini gizlətsə də, bu heç nəyi dəyişmirdi - Tyançi dünyada məşhurdur. Tyançi gölü 200 min il əvvəl Buz Dövründə meydana çıxan və o vaxtdan bəri həm yerlilərin, həm də turistlərin diqqətini çəkən füsunkar su hövzəsidir.

Tyançi Urumçidən 110 kilometr aralıda, 2 min metr yüksəklikdə, Bagdo-Ulo dağ silsiləsində yerləşir. Aypara şəklindədir və uzunluğu 3400 metr, maksimum dərinliyi 105 metrdir. Su gölə Tyan-Şanın yüksək dağ buzlaqlarından süzülür, bu səbəbdən də tərtəmizdir və içmək üçün yararlıdır. Günəşli günlərdə Tyançi gölünün suyu yaşıl zümrüd kimi bərq vurur. Yerli sakinlər Tyançini uzun müddət "Jade gölü" və ya “Yoançi” gölü adlandırıb.

Tyançi gölü ilə bağlı əfsanələr danışılır. Hələ orta əsrlərdə, Böyük İpək Yolunun ən işlək vaxtlarında yerlilər və karvana qatılanlar gölün sahilinə gələrdilər. Çünki nəsildən-nəslə, gölün Taoist ölümsüzlük ilahəsi Si Vanqmunun istirahət yeri olduğuna dair bir əfsanə ötürülürdü. Əfsanələrdə deyilir ki, Jade gölünün sahilində böyük ilahənin öz əli ilə əkdiyi ölümsüzlük ağacı bitir.

Bu arada, gölün yaxınlığında yerli qazaxların mədəniyyəti ilə tanış ola, qazax yeməklərini dada biləcəyiniz bir turizm kəndi də var.

Urumçinin gecəsi

Axşam yeməyindən sonra şəhərə çıxmaq qərarına gəldim. Çünki sabah günortadan sonra Bakıya qayıdacağam deyə gəzməyə vaxtım olmayacaq.

Həyətə çıxdım. Çiskin dayansa da, yarpaqları yuyan damcılar arabir sürəşərək havada uçuşurdular. Gündüz izdihamdan titrəyən böyük şəhər axşamın qaranlığında bir az sakitləşmişdi.

Sola burulub irəlilədim. Küçə boyunca sıralanan göydələnlərin demək olar hamısının ilk iki qatındakı iri dükanlar, ticarət mərkəzləri gec olmasına baxmayaraq hələ də müştərilərlə dolu idi. Küçənin kənarlarında isə eynilə Kaşqarda olduğu kimi, hələ də kabab, hamburger bişirib satanlar alıcı çağırırdılar.

Urumçidə bir maraqlı məqam diqqətimi çəkdi: əksər iri küçələrin kəsişməsində avtomobilllərin rahat hərəkəti üçün körpülər, altında isə sakinlərin təhlükəsiz keçidi məqəsdilə yeraltı keçidlər tikilib. Ona görə də bu şəhərdə maşın tıxacı, svetaforda gözləyən insan topası görmək çətindir.

Hə, Urumçidə örnək alınası bir məqamın da şahidi oldum. Ərzaq dükanlarının əksəriyyətində bir tərəfdə oturub telefonda qurdalanan satıcılar içəri kimin girib çıxıdığına məhəl qoymur. Sadəcə almaq istədiyinin pulunu ver, get. Səbəbini öyrəndikdə bildirdilər ki, burada oğurluq ya olmur, ya da çox nadir hallarda olur. Ona görə də hətta məhsulları sahibsiz görsələr belə, heç kim əl vurmur.

Gecənin qaranlıqda küçələri kilometrlərlə sağdan sola, yuxarıdan aşağı gəzdim, demək olar ki, polis görmədim. İnsanlar çox sərbəst idi, kimisə nədənsə çəkindərəcək heç nə hiss olunmurdu.

Beləcə, çiskinli Urumçi küçələrini gəzib otelə döndüm.

Nağıllar aləmi      

Səhər ilk olaraq Urumçidəki Sincan Qədim Ekoloji Parkına yollandım. Ortalama 200 hektar ərazisi olan parkda dörd fərqli fəsilin hər birinin özünəməxsus mənzərəsi yaranır.

2005-ci ildə qurulmasına start verilən və 2018-ci ildə açılışı olan parkın yaradılmasının məqsədi Sincanda bərpa olunmayan paleontoloji növ ehtiyatları qorumaq, paleoekoloji mədəniyyəti inkişaf və təbliğ etməkdir. Park həmçinin Sincanın "üç dağ, iki hövzə" geoloji relyef formasındakı unikal paleontoloji növlərini toplayaraq mühafizə edir, təbiətin orijinal görünüşünü və qədim İpək Yolu sivilizasiyasını canlandırır.

Parkın ərazisində fəaliyyət göstərən məşhur at cinslərinin mumfiqurlarını və yağlı boya ilə çəkilmiş tablolarını özündə sərgiləyən Yema İncəsənət Muzeyi, Yura dövrünün Daşlaşmış Ağac Mühafizə Bazası, İpək Yolu Elm və Texnologiya Muzeyi, İpək Yolu Tarixi Şəxsiyyətləri Memorial Zalı və sair ekoturizmi, mədəni mənşəyi və xalq təcrübəsini birləşdirir, qərb bölgələrindən nadir təbii qalıqları, qədim və müasir İpək Yolunun mədəni mahiyyətini bir yerə toplayır.

Bir az da parkın incilərindən söz açaq: Əvvəlcə at bazası haqda. Sincan Qədim Ekoloji Parkının ərazisində Çin Tər At Bazası (Sweat Horse Base) yaradılıb. Burada yerli və Orta Asiya ölkələrindən, hətta Rusiyadan gətirilmiş yüzdən çox cins at görmək olar. Axal Təkə cins atları isə buranın gözüdür.

40 min kvadratmetrdən çox ərazisi olan kompleksi qurmaq üçün dövlət 300 milyon yuan xərcləyib. Təxminən 6 min kvadratmetrlik açıq və 3 min kvadratmetrlik qapalı cıdır meydançaları, min kvadrat metrlik iki açıq hava yarışı, eləcə də at məşq dərnəkləri, maneə kursları və at üzgüçülük hovuzları kimi müxtəlif atçılıq yarışlarının məşq tələblərinə cavab verir. Ümumiyyətlə, bura milli və beynəlxalq miqyaslı atçılıq yarışlarına ev sahibliyi etmək imkanına malikdir.

Yema İncəsənət Muzeyi də parkın incilərindəndir. 2010-cu ildə yaradılıb. Bu, Qərb Bölgələri Rəssamlıq Məktəbi tərəfindən təmsil olunan böyük bir sənət muzeyidir. Mərkəzi Asiya və Çinin tanınmış rəssamlarının 600-dən çox əsərini özündə cəmləyən 8 tematik sərgi salonu ilə 3200 kvadratmetr sahəni əhatə edir.

Parkın ən möcüzəvi bölməsi nağıla dönən Yura dövrünün daşlaşmış ağacları bazasıdır. Bu gün parkda 300-ə yaxın daşlaşmış ağac var ki, bu da onu Yura dövrünün daşlaşmış ağacları üçün dünyanın ən böyük konsentratlı mühafizə bazasına çevirir.

Sincanda daşlaşmış ağac qalıqları, əsasən, Qitay, Muley və Cimsar əyalətlərində, eləcə də Qobi səhrasının qumluqlarında geniş yayılıb. Belə geniş arealda onları qorumaq üçün böyük işçi qüvvəsi və maddi vəsait tələb olunduğundan, dövlət bu parkı yaradaraq təbiət nümunələrini bir yerə toplayıb.

Parkdakı daşlaşmış ağacların yaşı təxminən 160 milyon ildir ki, bu da dinozavrların yaşadığı Yura dövrünü əhatə edir. Bu ağaclar həm də Sincandakı indiki Qobi səhrasının bir vaxtlar meşələrlə və şirin sulu göllərlə zəngin olduğunu isbatlayır.

Buradakı daşlaşmış ağaclardan ən uzunu 56 metrdir və bu, Çində indiyədək tapılmış ən uzun daşlaşmış ağacdır. Günümüzdə muzeydə 350 min illik ölü Populus euphratica ağacları qürurla dayanır.

Quzğunlar, Yunnan poniləri və digər vəhşi heyvan nümunələri parka gələnləri heyran edir.

Yaşıl şəfa ocağı

Əfsanəvi parkı gəzəndən sonra Sincanın ən böyük tibb müəssisəsi olan Sincan-Uyğur Muxtar Rayonu Ənənəvi Çin Tibb Xəstəxanasına yollandım. Çox böyük xəstəxanadır. Binaya daxil olanda içəridə gördüyüm qələbəlik isə buranın insanların əsl ümid yeri olduğunu anladım.

1959-cu il iyulun 1-də açılan xəstəxananın tikinti sahəsi 121 min kvadratmetrdən çoxdur. 2015-ci ildən etibarən burada 3148 işçi çalışır, onlardan 6-sı Dövlət Şurası tərəfindən xüsusi dövlət subsidiyalarından istifadə edir. 2014-cü ildən etibarən xəstəxanada 2600 çarpayılıq 102 klinik tibbi texnologiya şöbəsi, 39 inzibati logistika şöbəsi, 2 ambulator şöbə və bir filial xəstəxanası, bir filial, bir ictimai sağlamlıq xidməti mərkəzi və bir detoksifikasiya mərkəzi fəaliyyət göstərir. Şöbələr arasında ürək-damar xəstəlikləri, ortopediya, dermatologiya və pulmonologiya Çin Milli Səhiyyə Komissiyasının əsas milli klinik ixtisaslarıdır. Xəstəxana uzun müddətə ənənəvi Çin təbabətinin xüsusiyyətləri ilə 70-ə yaxın diaqnostika və müalicə texnologiyası layihəsi icra edib. 2014-cü ildən burada beş tədqiqat institutu fəaliyyətdədir: Tənəffüs Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu, Ürək-damar Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu, Sümük və Oynaq Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu, Onkologiya Elmi-Tədqiqat İnstitutu və Hipertoniya Elmi-Tədqiqat İnstitutu.

Qısası, istənilən xəstəlikdən əziyyət çəkən vətəndaş burada rahatlıqla keyfiyyətli müalicə oluna bilər. Onu da qeyd edim ki, xəstələr dərman almaq üçün şəhəri gəzmirlər, elə birinci qatdakı aptek şöbəsindən həkimin resepti əsasında təbii bitki əsaslı dərmanları alırlar. Bu da öz növbəsində vaxt və əlavə maddi itkinin qarşısını alır.

Xəstəxana ilə tanışlıqdan sonra birbaşa hava limanına gəldim. Beləcə, qədim Çin şəhərlərinə səyahətimi başa vurdum. Qismət olarsa bir də qayıtmaq ümidilə, hələlik...

 

Vüsal Tağıbəyli

Bakı-Urumçi-Bakı

Seçilən
31
1
hafta.az

2Mənbələr