Noyabrın 14-də Millətlər Liqasının (ML) qrup mərhələsinin 5-ci turuna start verildi. İlk oyun günündə qeydə alınan nəticələrdən sonra A liqasından 1/4 finala vəsiqə qazanan ilk iki komanda İtaliya və Fransa oldu. İngiltərənin səfərdə Yunanıstanı, Norveçin isə Sloveniyanı böyük hesabla məğlub etməsi diqqətdən yayınmadı.
Qrupun favoritləri olan İtaliya və Fransa yığmaları statusunu doğrultdular. Favoritlər lazımi nəticəni qazanmaqla ML-in gələn ilin martında keçiriləcək pley-offuna vəsiqəni rəsmiləşdirdilər.
Amma bunu da qeyd edək ki, Fransanın azı 2-ci yeri tutmasında İtaliya yığmasının rolu oldu. Luçano Spallettinin komandası oktyabrın 10-da Romada Belçika ilə keçirilən oyunda iki topluq üstünlüyü qoruya bilməmiş və meydanda on nəfərlə qalandan sonra 2:2 hesabına razılaşmışdı. Bu dəfə əvvəldən axıra qədər tam heyətlə oynayan “skuadra adzurra” Brüsseldə ilkin vəzifəni yerinə yetirdi. Qeyd edək ki, ev sahiblərinə pley-offa çıxmaq şansını saxlamaq üçün yalnız qələbə lazım idi. Lakin Domeniko Tedeskonun komandası rəqibdən bir xal belə ala bilmədi. İlk dəqiqələrdən əla oyun nümayiş etdirən qonaqlar Tonalinin vurduğu erkən qolla önə keçdilər. Spallettinin komandası fasiləyə qədər üstün oyun sərgiləsə də, növbəti qolu vura bilmədi. Belçika ikinci hissəyə fəal başlasa da, Donnarumma Debastın cavab qolunu vurmasına mane oldu. Ümumiyyətlə, fasilədən sonrakı mübarizə qarşılıqlı hücumlarla yadda qaldı. Lakin hesab dəyişmədi və İtaliya yığması 1/4 finalda oynamaq hüququ qazandı. Maraqlı fakt kimi Belçikanın 1972-ci ildən sonra hər hansı rəsmi turnirdə “skuadra adzurra”nı məğlub edə bilmədiyini, başqa sözlə, 52 illik sindromun davam etdiyini də bildirək.
Belə desək, İtaliya həm özü, həm də Fransa üçün qələbə qazandı. Çünki Belçikanın məğlubiyyəti Didye Deşamın komandasını avtomatik olaraq pley-offa çıxardı. Sen Denidəki matç hesabında xalı olmayan İsrail yığması üçün yalnız qrupda sonuncu yeri tutub B liqasına düşməmək baxımından əhəmiyyət daşıyırdı. Fransızlar isə qələbə qazanmaqla qrupu lider kimi başa vurmaq şansını davam etdirmək istəyirdilər. Növbəti dəfə Mbappesiz oynayan meydan sahibləri statistik göstəricilərə əsasən rəqibdən aşkar üstün oldular. Ancaq onların əksər zərbələrinin qeyri-dəqiq olması hesabın açılmamasına az təsir etmədi. Bəzi epizodlarda isə qapıçı Daniel Perets seyvləri ilə asiyalıların ilk xalını qazanmasında rol oynadı.
A liqası, 2-ci qrup
Belçika - İtaliya 0:1 (0:1)
Belçika: Kastels, Fas, Debast, Teate (Əl-Daxil, 72), Kastan (Bakayoko, 87), De Kuyper (Lükebakio, 77), Onana, Engels (Vermeren, 72), Trossar, Openda, Lukaku.
İtaliya: Donnarumma, Di Lorentso, Bastoni, Buoncorno, Dimarko (Udoci, 68), Kambyaso (Qatti, 82), Frattezi, Tonali, Barella (Lokatelli, 80), Rovella (Raspadori, 80), Retegi (Ken, 68).
Qol: Tonali, 11.
Vərəqələr: Kastan, 28. Bastoni, 45+2. Onana, 67. Əl-Daxil, 77. Ken, 90+1 - sarı.
Hakim: Radu Petresku (Rumıniya).
14 noyabr. Brüssel. 41367 tamaşaçı.
Fransa - İsrail 0:0
Fransa: Menyan, Kunde, Upamekano, Konate, Ernandes, Kamavinqa (Rabyo, 71), Kante, Olise (Koman, 71), Zair-Emeri (Türam, 78), Barkola (Nkunku, 71), Kolo Muani.
İsrail: Daniel Perets, Qoldberq, Şlomo, Naxmias, Cehezkel (Xalayli, 84), Abada (Haziza, 80), Qlux (Dor Perets, 84), Abu Fani, Caber, Solomon (Sabia, 73), Turqeman (David, 73).
Vərəqələr: Kamavinqa, 35. Cehezkel, 49. Naxmias, 70 - sarı.
Hakim: Tobias Şteler (Almaniya).
14 noyabr. Sen Deni. 16611 tamaşaçı.
1. İtaliya 5 4 1 0 12-5 13
2. Fransa 5 3 1 1 9-5 10
3. Belçika 5 1 1 3 6-8 4
4. İsrail 5 0 1 4 4-13 1
Sonuncu turun oyunları noyabrın 17-də keçiriləcək: İtaliya – Fransa, İsrail - Belçika.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta