AZ

COP29: “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub

Noyabrın 20-də COP29 çərçivəsində keçirilən Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb.

Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub.

Tədbirin bağlanışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib. O, turizm sektorunun iqlim dəyişikliyindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.

BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili çıxışında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə səylərin vacibliyini, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”nin sektor üçün dönüş nöqtəsi kimi Qlazqo Bəyannaməsinə dəstək olduğunu qeyd edib. “Birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün qüvvə olmasını təmin etməliyik”, - deyə o bildirib.

“Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq, tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə təşviq edir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçirilən tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksəksəviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Turizm Günü çərçivəsində “Turizm sektorunun iqlim ambisiyasının artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm sektorunun iqlim ambisiyasının artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə təkmilləşdirilmiş iqlim fəaliyyəti: innovativ həllər və irəliyə doğru” mövzularında üç yüksəksəviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

Oxuməni.az

Seçilən
7
5
oxumeni.az

10Mənbələr