AZ

Gəlir vergisindən azad edilmə jurnalsitlərə hansı imkanı yaradacaq?

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunacaq. 

Bu, Vergi Məcəlləsinə təklif edilən yeni 102.1.30-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək. 

Qeyd edilib ki, 1 yanvar 2024-cü ildən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. 

Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir. 

Bu qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Artıq bir neçə müddətdir ki, jurnalistlərin gəlir vergisindən azad edilməsi müzakirə mövzusudur. Yeni qanunun tətbiqi jurnalistlər üçün hansı imkanlar yaradacaq? 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "Cebheinfo.az"-a bildirib ki, qlobal media quruluşlarını çıxmaq şərtilə digər redaksiyalarda işçilərin maaşı, gəliri o qədər yüksək deyil: 

"Qonorarları da kifayət qədər azdır. Ona görə də jurnalistlərdə gəlir imkanları çox aşağıdır. Bu baxımdan hesab edirəm ki, televiziyaların, ayrı-ayrı özəl televiziya qurumlarının, böyük media holdinqlərinin işçiləri olan jurnalistlərə təsir göstərə bilər. Yerdə qalan jurnalistlərin isə o qədər də gəliri olmadığı üçün gəlirlərinin 75 faizinin vergidən azad olması məsələsi onlara o qədər də təsir göstərməyəcək ". 

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, ümumiyyətlə, verginin stimullaşdırılması fəaliyyətin stimullaşdırılmasıdır: 

"Bu gün, məsələn, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət növləri vergidən azad olunur. Nəyə görə? Beləliklə cazibədarlıq yaradırlar ki, sahibkarlar gedib o fəaliyyəti stimullaşdırsın. Biz iqtisad tarixinə diqqət yetirsək, bir çox ölkələr müxtəlif sahələrdə bu stimullaşdırıcı alətdən istifadə edirlər. 

Amerikada, Kanadada, Avstraliyada, Yeni Zelandiyada, Avropa ölkələrində bu normal haldır və biz də bundan istifadə edirik. 

Biz bunu həmin peşədə çalışanların dolanışığının stimullaşdırılması kimi qəbul etməliyik. Əlbəttə ki, müsbət qərar kimi dəyərləndiririk. Əgər layihədə belə bir məsələ varsa, birincisi iqtisadiyyatın özünün dayanıqlığından söhbət gedir. 

Hökumət bunu edirsə, qanunvericiliyə də salırsa, bu, çox yaxşı haldır. Mən bütün jurnalistləri təbrik edirəm. Stimullaşdırıcı bir amildir. Ən azından, o vəsaitləri yaxşı işlərə xərcləmək mümkün olacaq". 

Seçilən
1
49
cebheinfo.az

10Mənbələr