AZ

COP29-da "Hava Limanı İqlim Fəaliyyəti" mövzusunda tədbir keçirilib

Bakıda COP29 çərçivəsində "Hava Limanı İqlim Fəaliyyəti. Heydər Əliyev Beynəlxalq Hava Limanı Regionda karbon azaldılmasına liderlik edir" mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Hava Yollarının (AZAL) Prezidenti Samir Rzayev bildirib ki, AZAL davamlı inkişaf çərçivəsində resurslardan daha səmərəli istifadə üçün uyğunluq proseslərini rəqəmsal alətlərlə avtomatlaşdırmağa davam edir: "Biz diqqətimizi tullantıların idarə edilməsi, təkrar emal və su resurslarının səmərəli istifadəsi kimi layihələr üzərinə cəmləmişik. Bu öhdəlik təkcə bu günkü əməliyyatlara şamil edilmir, həm də aviasiya sektorunun gələcəkdə davamlı inkişafını təmin edir. Bundan əlavə, AZAL bu il BMT-nin Qlobal Sazişinə qoşulmaqla Dayanıqlı İnkişaf Məqsədlərini və ESG (red. Ətraf mühit, sosial və idarəetmə) prinsiplərini təşviq etməyi öhdəsinə götürüb. Davamlı inkişaf çərçivəsində biz resurslarımızdan daha səmərəli istifadə etmək üçün uyğunluq proseslərimizi rəqəmsal alətlərlə avtomatlaşdırmağa davam edirik".

O, həmçinin vurğulayıb ki, AZAL yalnız səmərəli əməliyyatlara deyil, həm də daha təmiz və yaşıl bir gələcəyə can atır: "Ətraf mühitə olan öhdəliyimizlə gələcək nəsillərə daha parlaq bir dünya qoymağı hədəfləyirik. İnanırıq ki, bizim səylərimiz regionda və qlobal miqyasda davamlılıq mühitində bir nümunə olacaq".

Tədbirdə, həmçinin ACI (Airports Council International Europe) Avropanın baş direktoru Olivye Yankoveç tərəfindən aparılan "Hava limanlarının karbon akkreditasiyası - iqlim fəaliyyətinin hekayəsi" adlı təqdimatda beynəlxalq hava limanlarının karbon emissiyalarını azaltmaq üçün qəbul etdiyi strategiyalar və nailiyyətlər müzakirə olunub.

Həmçinin, "Aviasiyanın dekarbonizasiyası və qlobal çərçivə: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən müzakirələrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının UNFCCC üzrə xüsusi nümayəndəsi Ceyn Hüp, ACI World-un baş direktoru Castin Erbaççi və Hava Nəqliyyatı Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldan Dodd gələcəkdə aviasiyanın karbon emissiyalarını azaltmaq üçün lazımi çərçivələri və innovativ həlləri müzakirə ediblər.

Tədbirin bağlanışında vurğulanıb ki, hava limanlarının iqlim dəyişikliyi ilə mübarizədə liderliyi davam etdirilməli və bu istiqamətdə qlobal əməkdaşlıq genişləndirilməlidir. Tədbir regionun iqlim fəaliyyətində önəmli addım kimi qiymətləndirilib.

Sahilə Cabbar

COP29-da COP29-da COP29-da
Seçilən
39
1
apa.az

2Mənbələr