AZ

Mədəniyyət xadimlərinə fəxri adların verilməsi dayandırılıb? - RƏSMİ

Azərbaycanda 3-4 ildir ki, mədəniyyət xadimlərinə fəxri adların verilməsi dayandırılıb.

 

Bunu Modern.az-a müsahibəsində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

 

O, bunun çox düzgün addım olduğunu vurğulayıb: "Mən ömrüm boyu demişəm ki, bu Stalinin sənətkarı əldə saxlamaq üçün verdiyi rüşvət üsuludur. Belə adların verilməsi keçmiş Sovet ölkələrindən sadəcə Orta Asiya və bizdə qalıb. Bizdə də son illərdə durduruldu. Fəxri adlara mənim münasibətim həmişə mənfi olub. Kimin fəxri adı varsa, onu hər yerdə elan edir, elə onun da qarşısını almaq lazımdır".

 

Bəstəkar qeyd edib ki, bu cür fəxri adların verilməməsi, buna münasibətin ölkədə dəyişməsi mədəniyyət sahəsində çalışan hər bir şəxsin dəyərinə görə yer tutmasına gətirib çıxaracaq.

 

"Xalqın gözündə əsl sənətkarın öz yeri var, bizim cəmiyyət kimin kim olduğunu yaxşı bilir. Heç bir fəxri ad, orden onun düşüncəsinə təsir etmir. Dəyər verdiyini sevir, sevmədiyini sevmir. Xalqın mövqeyinə gəlmək lazımdır. Sənətkarlar bir az ərkəsöyündür, ona stimul həmişə lazımdır, amma bunun üçün yaxşı qonarar, yaxşı maaş da bəs edər. Sənətkarın yaxşı maaşı, qazancı olsa, o da heç bir fəxri ad arxasınca düşməyəcək", - o vurğulayıb.

 

Fəxri adların verilməsinin ləğv edilib-edilməməsini dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, bu barədə rəsmi qərar yoxdur. Ancaq qeyd olunub ki, son 3 ildə nazirlik tərəfindən heç kimə fəxri ad təqdim edilməyib.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.



"Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.
 

Seçilən
10
modern.az

1Mənbələr