AZ

Sloveniyalı nazir: "İqlim maliyyəsi hədəfi ən azı iki dəfə artırılmalıdır" - EKSKLÜZİV

İnkişaf etmiş ölkələr iqlim maliyyəsi üzrə mövcud 100 milyard ABŞ dolları hədəfini ən azı iki dəfə artırmalıdır.

Bunu "Report"a açıqlamasında Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer bildirib.

Nazir qeyd edib ki, iqlim dəyişiklikləri ilə mübarizədə daha iddialı addımlar atılmalı və maliyyə mənbələri genişləndirilməlidir: “Bu rəqəm (100 milyard ABŞ dolları) kifayət deyil. Əksinə, hədəf ən azı iki dəfə artırılmalıdır. Lakin bu artım belə, hər kəsi qane etməyəcək. Maliyyələşdirməyə həm birbaşa, həm də dolayı iqlim maliyyəsi daxil edilməlidir”.

B. Kumer Sloveniyanın iqlim üzrə fəaliyyətlərini də diqqətə çatdırıb. O bildirib ki, ölkəsi ötən il iqlim inkişaf maliyyəsini 40 % artırıb: “Biz nazirlik olaraq iqlimə dayanıqlı cəmiyyətin və sistemlərin yaradılmasına böyük diqqət yetiririk. Sloveniya ötən il adambaşına düşən günəş elektrik stansiyalarına investisiyalar üzrə lider mövqedə olub. Eyni zamanda, külək elektrik stansiyaları sahəsində də mühüm irəliləyişlər əldə etmişik. Hökumət yaxın günlərdə külək elektrik stansiyaları üçün ilk uzunmüddətli planı qəbul ediи. Bu addım illər sonra bu sahədə atılan ilk sistemli təşəbbüsdür”.

Nazir əlavə edib ki, Sloveniya hökuməti dekarbonizasiya və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində fəal iş aparır:
“Biz yalnız bir sahəyə deyil, genişmiqyaslı tədbirlər kompleksinə fokuslanmışıq”.

B. Kumerin sözlərinə görə, Sloveniyanın gördüyü tədbirlər iqlimə dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir və digər ölkələr üçün də nümunə ola bilər.

Seçilən
31
report.az

1Mənbələr