Aİ ölkələrində yaşayanlar sülh üçün ən böyük təhlükənin qanunsuz miqrasiya və terror təhlükəsindən qaynaqlandığını düşünürlər.
"Cebheinfo.az" xəbər verir ki, Şərqi Avropada ən böyük təhlükə “xarici gücün hərbi hücumu” olaraq görülür.
Nizamsız miqrasiya və terror təhlükəsi sülh və əmin-amanlığın pozulması riski baxımından Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan insanları ən çox narahat edən məsələlər sırasındadır.
Bertelsmann Fondunun 27 üzv ölkədə keçirdiyi ictimai rəy sorğusu Rusiyanın Ukraynaya hücumu ilə başlayan və dünən mininci gününü tamamlayan müharibənin də böyük narahatlıq doğurduğunu ortaya qoyub.
Sorğuda iştirak edən 26 mindən çox insanın təxminən 25 faizi "Bu gün Avropa sülhü üçün ən böyük təhlükə nədir?" sualına cavab olaraq sərhədlərin lazımi qaydada qorunmadığına işarə edir.
21 faiz terror hücumlarını, 19 faiz isə kiberhücumları ən böyük təhlükə kimi qəbul edir. Sorğu iştirakçılarının 18 faizi üçün xarici ölkə tərəfindən hücuma məruz qalma riski ən ciddi təhlükədir. Sözügedən suala “mütəşəkkil cinayətlər” cavabını verənlərin nisbəti 17 faizdir.
Almaniyadan olan respondentlərin 23 faizi terror hücumu riskini ən böyük risk kimi qəbul edir. Bununla belə, sorğunun ötən ilin sentyabrında, avqustun 23-də Solingendə 3 nəfərin ölümü, 4-ü ağır olmaqla 8 nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumdan qısa müddət sonra aparılmasının da bu nəticədə təsirli olduğu bildirilir.
İŞİD-in üzərinə götürdüyü hücumda şübhəli bilinən suriyalı İsa əl-H. hadisədən 24 saat sonra həbs edilib.
Alman cəmiyyətinin fikrincə, Avropa sülhünü pozmaq riski olan digər məsələlər sərhəd təhlükəsizliyinin qeyri-adekvat olması, mütəşəkkil cinayətkarlıq və kənar gücün hərbi təcavüzüdür.
Onların hər biri sorğuda 21 faizlə terror hücumu riskinin arxasında yer alıb. 14 faizlik qrupa görə, kiberhücum ən çox diqqət tələb edən riskdir.
Şərqi Avropada Aİ üzvlərindən biri olan, Ukrayna ilə quru sərhədi olan və Rusiyanın hücumu altında olan Polşada 29 faiz ilə hərbi hücum Avropa sülhü üçün ən böyük təhlükə olaraq görülür.
Sözügedən müharibədən ən uzaq Avropa ölkələrindən biri olan İspaniyada xarici bir gücün hərbi hücumuna məruz qalma ehtimalını ən böyük təhlükə olaraq görənlərin nisbəti 16 faizdir.
Araşdırmanın maraqlı nəticələrindən biri də Almaniya cəmiyyətinin 10 faizinin Çin Xalq Respublikasını ən mühüm müttəfiq kimi görməsi olub.
Qərb dünyası Pekini Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiyaya mülki və hərbi dəstək verməkdə ittiham edir.
Almaniyanın federal hökuməti 2023-cü ilin yayında qəbul etdiyi qərarla hərtərəfli Çin strategiyasına qərar verdi.
Sözügedən strategiya mətnində avtoritar kommunist rejimi ilə idarə olunan ölkə tərəfdaş və rəqib kimi müəyyən edilir.
Almaniya bu strategiya ilə Ukrayna müharibəsinin başlamasından sonra təbii qaz xətlərini kəsən Rusiya ilə oxşar təcrübədən qaçmaq üçün Çindən iqtisadi asılılığını azaltmağı hədəfləyir.
Donald Tramp yenidən ABŞ prezidenti seçilməzdən əvvəl keçirilən sorğuda iştirak edənlərin 54 faizi ABŞ-nin ən mühüm müttəfiq olduğunu bildirib.
Bu nisbət Aİ üzrə 51 faiz idi. Vaşinqtonu ən mühüm müttəfiq kimi görənlərin nisbəti Polşada 65, Belçikada isə 43 faizdir.