AZ

Meclis.info platformasının rəhbəri İmran Əliyev İstintaq Təcridxanasında aclıq elan edib

Meclis.info-nun rəhbəri İmran Əliyev 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq elan edib. Bu barədə o, ictimaiyyətə məktubunda bildirib.

Əliyev bildirir ki, həbsinə etiraz əlaməti olaraq noyabrın 18-dən etibarən aclıq edir. "Bu gün artıq 7 aydır ki, qanunsuz olaraq həbsdəyəm. 7 ay keçməsinə baxmayaraq, hakimlər qoyulan saxta ittihamla bağlı heç bir sübut göstərmədən, ehtimallar üzərindən qərarlar çıxarırlar".

Əliyev həmçinin qeyd edir ki, rəhbərlik etdiyi Meclis.info saytı - parlamentin monitorinq platforması 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başlamışdı. Əsas məqsədi vətəndaşlarla millət vəkilləri arasında körpü olmaq və ictimai nəzarət mexanizmi yaratmaq idi. Lakin 2022-2023-cü illərdə basqı və təzyiqlər səbəbindən əsas fəaliyyətimizi donduraraq onlayn maarifçilik və bilgiləndirməyə keçmişdik.

"Prezident ictimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər", deyə Əliyev qeyd edib.

Əliyev həbsi müddətində dəfələrlə fiziki və psixoloji təzyiqə məruz qalıb. O, həmçinin atasında xərçəng xəstəliyi aşkar olunmasının həbsdə olduğu müddət ərzində ona ən böyük zərbə olduğunu vurğulayır.

"Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv edilməsi və azadlığımın təmin olunmasıdır", deyə Əliyev qeyd ediir.

* İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, Abzas Media-nın işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə təhqiqata cəlb edilib. Sonradan Əliyevin işi ayrıca icraata ayrılıb.

Əliyev özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevin təqibini pisləyiblər və cinayət işini onun Azərbaycan parlamentinin və onun deputatlarının işinin monitorinqini aparan Meclis.info saytının fəaliyyəti ilə əlaqələndiriblər.

Noyabrın 19-da məhkəmə onun həbs müddətini üç ay uzadıb.

Seçilən
25
turan.az

1Mənbələr