AZ

Milli Məclis 3 komitəsinin birgə iclası keçirilib -Fotolar



Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin müavini Musa Qasımlı iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, Azərbaycanda ən yüksək səviyyədə təşkil edilən dünyanın mötəbər tədbirlərindən olan COP29-la eyni vaxtda gələn ilin büdcə layihəsinin müzakirələrinin keçirilməsini cənab Prezident İlham Əliyevin mükəmməl dövlət və hökumət idarəçiliyinin təzahürü kimi qiymətləndirib. Musa Qasımlı gələn ilin büdcə layihəsinin spiker Sahibə Qafarovanın tövsiyəsinə uyğun olaraq Milli Məclisdə səmərəli və geniş müzakirələrinin keçirilməsini parlamentlə hökumət arasında qurulmuş işgüzar münasibətlərin göstəricisi kimi dəyərləndirib.
Vitse-spiker büdcə layihəsinin qanunvericiliyə uyğun olaraq tərtib edildiyini, layihənin milli maraqlarımıza, ölkə Prezidentinin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi 5 Milli Prioritetə, nəzərdə tutulmuş digər dövlət proqramlarında qarşıya qoyulan hədəflərə cavab verdiyini deyib. Vurğulanıb ki, dövlətimiz və millətimiz üçün ən vacib məsələlərdən biri olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtması büdcə layihəsində xüsusi yer tutur.
Bildirilib ki, dövlətimizin müdafiəsi, milli təhlükəsizliyi və inkişafı bir-biri ilə sıx şəkildə bağlı olduğundan büdcə layihəsində müdafiə və təhlükəsizliyə ayrılan vəsaitlərin artırılması ümummilli maraqlarımızın təmin edilməsinə yönəldilib. Musa Qasımlı deyib ki, vətəndaşın mənafeyi, onun sosial rifahı dövlətimizin siyasətində başlıca yerdə dayandığından layihədə sosialyönümlü xərclərin artırılması əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması xidmət edir.
Musa Qasımlı bildirib ki, təhsilin hamı üçün əlçatan olması möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasətinin vacib tərkib hissələrindən biri olduğundan büdcə layihəsində təhsil xərclərinin 750 milyon 700 min manatının və ya 15, 2 faizinin ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulması dövlətimizin vətəndaşlara, təhsil almaq istəyən hər bir şəxsə xüsusi qayğısının göstəricilərindən biridir.
Layihədə elmin inkişafına da xərclərin artırılması proqnozlaşdırılır. Həmçinin ailənin qorunmasına xüsusi diqqət yetirən dövlətimiz bu sahədə bir sıra ciddi tədbirlər görür və gələn il üçün bu məqsədlərə də vəsaitin artırılması nəzərdə tutulub. Vitse-spiker layihədə kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin artırılmasını qeyri-neft sektorunun inkişafına və ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə xidmət edəcəyini vurğulayıb.
Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, 2025-cü il üzrə dövlət və icmal büdcələrinin layihələri, sonrakı üç il üçün icmal büdcənin əsas göstəriciləri Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkəmizin prioritet inkişaf istiqamətlərini və hədəflərini özündə ehtiva edir.
2025-ci il dövlət büdcəsinin əsas parametrləri ilə bağlı diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyarda 367,6 milyon manat proqnozlaşdırılır. O, qeyd edib ki, büdcə gəlirlərinin artması ölkə iqtisadiyyatının inkişafının və dayanıqlılığının göstəricisidir. Büdcə xərclərinin artırılması isə hökumətin insanların rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirmək və buna nail olmaq niyyətini özündə ehtiva edir.
Dövlət büdcəsinin kəsiri 3 milyard 52 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9% azdır. Maliyyə naziri gəlirlərin formalaşma mənbələri və parametrləri barədə ətraflı məlumat verib, büdcə xərclərinin strukturunu diqqətə çatdırıb. Bildirilib ki, növbəti ilin prioritet xərclərində işğaldan azal olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı xərclər xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, ənənəvi olaraq 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16 milyard 910 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 370 milyon manat və ya 9 faizə yaxın çoxdur. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Növbəti ildə təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılacaq və bu, cari illə müqayisədə 8,7 faiz, çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq üçün tələbə kreditlərinin verilməsi üçün növbəti ilin büdcəsində Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalının 126 milyon manata çatdırılması nəzərdə tutulur. Elmin maliyyələşdirilməsi üçünsə 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 3,5 faiz çoxdur.
Gələn ilin büdcəsində məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji, pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması ilə bağlı tədbirlər üçün 7,4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda kənd təsərrüfatı xərcləri üçün 1 milyard 172 milyon manat vəsait nəzərdə tutulub. Nazir bildirib ki, kənd təsərrüfatı xərclərinin 45 faizi və yaxud 528 milyon manatı ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyə təminatına sərf ediləcək.
Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqinə, subartezian quyularının saxlanılmasına və digər meliorasiya tədbirlərə xərclərin 43,6 faizi və yaxud 511 milyon manatı yönəldiləcək. Cari illə müqayisədə bu göstərici 11 milyon manat çox deməkdir. Digər kənd təsərrüfatı tədbirlər üçün 133 milyon manat və ya xərclərinin 11,4 faizli həcmində vəsait ayrılacaq. Buraya baytarlıq tədbirləri, kənd təsərrüfatı heyvanlarının, bitkilərin sığortalanması və kənd təsərrüfatı sahəsində maddi-texnik təminatın möhkəmləndirilməsi kimi tədbirlər daxildir. Çıxışının sonunda nazir icmal büdcənin parametrlərini diqqətə çatdırıb.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib, 2025-ci ilin dövlət büdcəsində elm və təhsilə ayrılan vəsaitlərlə bağlı fikirlərini bölüşüb. Son ildə tikilən və təmir edilən məktəb binaları və məktəbəqədər təhsil müəssisələri barədə məlumat verən nazir bildirib ki, növbəti ildə təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 395 milyon manatı və ya 47,5 faizi ümumi təhsil xərcləri üçün nəzərdə tutulub. Məktəbəqədər təhsilə 467,4 milyon manatı və ya cari illə müqayisədə 3,6% çox vəsait yönəldiləcək.
Təhsilin adambaşına maliyyələşməsi tədbirlərində söz açan təhsil naziri ali təhsildə əhatəliliyin artırılmasından danışıb, peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrasının davam etdirildiyini vurğulayıb.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. Palata sədri gələn il üçün dövlət büdcəsi gəlirlərinin və xərclərinin, habelə büdcə kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlilini təqdim edib, bəzi qeydlərini açıqlayıb.
Sonra iclasda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər.
2025-ci ilin dövlət büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun tərtib olunduğunu qeyd edən komitə sədrləri layihəni gələn ilin sosial-iqtisadi inkişafının maliyyə planı, həmçinin bir siyasi əhəmiyyətli sənəd kimi yüksək qiymətləndiriblər, büdcədə müdafiə və milli təhlükəsizlik məsələlərinə kifayət qədər vəsaitin ayrılmasını günün reallığından irəli gəldiyini vurğulayıblar. Çıxışlarda gələn ilin büdcə layihəsində elm və təhsilə ayrılan xərclərin artırılması təqdirlə qarşılanıb, aqrar sahəyə ayrılan xərclərin məqsədəmüvafiq olduğu, aqrar sektorun yüksəldilməsinə xidmət edəcəyi vurğulanıb, ailələrin, uşaqların sosial müdafiəsi, sosial xidmət müəssisələrinin saxlanılması kimi tədbirlərin önə çəkilməsi yüksək dəyərləndirilib. Çıxışlarda bir sıra qeyd və təkliflər səsləndirilib.
Sonra iclasda Aqrar siyasət komitəsi sədrinin müavini Razi Nurullayev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Bəxtiyar Əliyev, Şahin Seyidzadə, Aydın Hüseynov, Elçin Mirzəbəyli, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Günay Ağamalıyeva, Vasif Qafarov çıxış ediblər, 2025-ci ilin büdcə layihəsi barədə öz fikirlərini və bəzi qeydlərini bildiriblər.
Maliyyə naziri Samir Şərifov, elm və təhsil naziri Emin Əmrullayev səsləndirilən fikirlərə münasibət bildiriblər.
Milli Məclis sədrinin müavini Musa Qasımlı iclasa yekun vuraraq növbəti ilin büdcə layihəsi ilə bağlı səmərəli müzakirələrin keçirildiyini vurğulayıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları, aidiyyəti qurumların struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.



Seçilən
32
1
aia.az

4Mənbələr