Hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməklə Dövlət Proqramının müddəti uzadılıb və 2022-2028-ci illəri əhatə edib.
Nazir xatırladıb ki, 2024-2025-ci tədris ilində proqram çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 125, magistratura təhsil səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Bunlardan 135 nəfəri universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
Dövlət Proqramı çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 144 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, dünyanın 10 ölkəsinə aid 52 ali təhsil müəssisəsində nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran, ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək 156 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun