AZ

Ukrayna ATACMS zərbələri ilə vəziyyəti dəyişə biləcəkmi? – Aqil Rüstəmzadə 2 vacib şərtin olduğunu deyir

“Qərbin uzaq mənzilli silahlarından Ukraynaya Rusiya ərazilərindəki hədəflərə zərbələr endirmək icazəsi barədə uzun-uzadı ictimai müzakirələr ruslara böyük silah-sursat anbarlarını, çox vacib hava bazalarını köçürməyə və qoşunları mümkün hədəf olacaq bölgədən kənara çıxarmağa imkan verib”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış hərbi analitik Aqil Rüstəmzadə “BBC-Ukrayna”-ya müsahibəsində deyib.

“Bununla belə, 300 kilometrlik zonada hərbi və infrastruktur obyektləri hələ də istifadə olunur, hücumlar Rusiya ordusunun maddi-texniki təminatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, söhbət neft bazalarından və neft emalı zavodlarından, silah anbarlarından, avadanlıqların təmiri məntəqələrindən gedir.

Qərbin Rusiya ərazisinə raket zərbələrinə yaşıl işıq yandırması müharibədə dönüş nöqtəsi ola bilərmi?

Aqil Rüstəmzadə hesab edir ki, buna iki əsas amil təsir edəcək: “Birincisi, bu, Ukraynada ATACMS raketlərini atan buraxılış qurğularının sayından asılıdır. Söhbət HIMARS və MLRS sistemlərindən gedir, açıqlanmış məlumatlara görə, onlardan təxminən 50-60-ı Ukraynaya ötürülüb. Belə buraxılış qurğularının hər biri bir ATACMS raketini ata bilər.

İkinci amil daha vacibdir: Ukrayna Qərb tərəfdaşlarından dəqiq nə qədər uzaqmənzilli raket alacaq. Əvvəllər Ukrayna hakimiyyəti bu sursatların kifayət qədər məhdud təchizatından danışırdı”.

A.Rüstəmzadə düşünür ki, Rusiya ordusunun arxa infrastrukturuna zərər vurmağa gündə 40-50 raket atmaqla nail olmaq olar. “Lakin Ukraynaya bu qədər raket ötürüləcək, ya yox, çətin sualdır”, - ekspert deyib.

Onun fikrincə, Ukraynaya 200-300 raket partiyasının verilməsi döyüş meydanında vəziyyətə təsir edə bilər.

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr