Cari ilin sonunadək qüvvədə olan bir sıra mis məmulatlarına (saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodları), mis və qalay əsasında ərintilər (tunc), saflaşdırılmış misdən prokat üçün biçmələr, mis və sink əsasında ərintilər (latun), mis əsaslı liqaturlar, saflaşdırılmış misdən mis çubuqlar və profillər) tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.
APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.
Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək mis məmulatlarına 10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək. 31 dekabr 2029-cu il tarixindən sonra isə qeyd edilən mis məmulatlarının ixracı zamanı 1000 kq üçün 15 ABŞ dolları ixrac rüsumu alınacaq.
Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları (saflaşdırılmış misdən katodlar və katodların seksiyaları, mis və sink əsasında ərintilərdən (latundan) çubuqlar və profillər, saflaşdırılmış misdən en kəsiyinin maksimum ölçüsü 6 mm-dən çox olan, en kəsiyinin maksimum ölçüsü 0,5 mm-dən çox olan və en kəsiyinin maksimum ölçüsü 0,5 mm– dən çox olmayan məftillər, saflaşdırılmış misdən, mis və sink əsasında ərintilərdən (latundan), mis və qalay əsasında ərintilərdən (tuncdan) və digər mis ərintilərindən rulonlarda qalınlığı 0,15 mm-dən çox olan mis plitələr, vərəqlər və zolaqlar və ya lentlər, saflaşdırılmış misdən, mis və sink əsasında ərintilərdən (latundan) düz mis borular və borucuqlar, mis ərintilərindən borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar), elektrik izolyasiyası olmayan misdən burulmuş məftillər, troslar, hörmə şnurlar və analoji məmulatlar, şaybalar (yaylı şaybalar daxil olmaqla), misdən tökmə, fasonlu, ştamplanmış və ya döyülmüş, lakin sonrakı emala məruz qalmamış məmulatlar, ) üzrə ixrac rüsumları da artırılır, 31 dekabr 2029-cu il tarixinədək 1000 kq üçün 300 ABŞ dolları olacaq.
Hazırda həmin mis məmulatlarının ixracı zamanı 1000 kq üçün 15 ABŞ dolları ixrac rüsumu alınır.