AZ

Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir - RƏYLƏR

Ermənistan hakimiyyəti onların geri qayıtmaq istəmədiklərinə tam əmin olub

“Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır. Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.
Bu qərarın arxasında hansısa hiylə varmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hazırda Qarabağdan Ermənistana könüllü olaraq köçmüş erməni sakinlərin bir hissəsi qeyri-müəyyən vəziyyətdədir, hökumət bu vəziyyəti düzəltmək istəyir: “Onlar əvvəllər iddia edirdilər ki, Ermənistan vətəndaşı olaraq Qarabağda yaşaya bilərlər. Həqiqətən də Qarabağ Ermənistan Silahlı Qüvvələrinin və separatçı erməni terrorçu qruplarının işğalı altında olduğu zamanlarda orada Ermənistan vətəndaşları olan çoxlu sayda erməni qanunsuz yaşayırdı. Qarabağdan köçmüş erməni əhalinin böyük hissəsi Ermənistan vətəndaşı idi. Hətta digər başqa ölkələrin də vətəndaşları olan ermənilər gəlib Qarabağda yerləşmişdilər. Orada yaşayan erməni əhalinin bir hissəsi isə əslində Azərbaycan vətəndaşı olan, lakin Azərbaycan vətəndaşlığını qəbul etməyənlər idi. İndi onlar bölgəni könüllü tərk etdikdən sonra qeyri-müəyyən vəziyyətlə üz-üzə qalıblar, vətəndaşlıq problemi yaşayırlar. Azərbaycan vətəndaşlığından imtina etdikləri üçün Ermənistan vətəndaşlığını almağa çalışırlar. Belə görünür ki, Ermənistan hökuməti də onlara Ermənistan vətəndaşı pasportu almaları üçün şərait yaradır. Bunun üçün qanuni prosedur elan edilib. Ona görə də Ermənistan hökumətinin bu qərarının arxasında hansısa hiylənin dayandığını düşünmürəm. Qarabağdan könüllü gedən 20-30 min erməni ilə bağlı məsələnin hüquqi tənzimlənməsi ilə bağlı addımlar atılır. Bu, Ermənistandaxili ictimai-siyasi həyatda sabitliyin bərqərar olması üçündür. Görünən odur ki, baş nazir Nikol Paşinyan bir neçə güc strukturunun rəhbərini iki gün öncə vəzifədən azad edib və daxildəki proseslərlə bağlı yeni islahatlara başlayıb. Ola bilər ki, ölkədə hansısa seçkilər və ya referendum da keçiriləcək. Hökumət həm də Azərbaycanla sülh sazişinə hazırlıqla bağlı bu addımları atır. Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı son vaxtlar onların açıqlamalarında bir müsbət dinamika müşahidə olunur. Qarabağdan köçmüş vətəndaşlığı olmayan ermənilərə Ermənistan vətəndaşlığı verilməsi ilə müəyyən gərginliyə son qoyulmuş olacaq. Mən Ermənistan hakimiyyətinin bu addımını müsbət dəyərləndirirəm”. 

Siyasi-şərhçi Kənan Novruzov "Şərq"ə açıqlamasında deyib ki, Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlığın verilməsi müsbət siqnal kimi qəbul oluna biləcək məqamdır: 

"Görünür, doğrudan da, ermənilər üçün Qarabağ "kitabı bağlanıb". Bunu artıq nəinki erməni xalqı, Ermənistan hakimiyyəti də başa düşür. Qarabağdan qayıdanlara Ermənistan vətəndaşlığının verilməsi o deməkdir ki, rəsmi İrəvan tədricən revanşist məqsədlərindən əl çəkir. Amma bu, rəsmi Bakı üçün kifayət deyil və heç bir halda humanizm nümunəsi kimi qiymətləndirilməməlidir. Ermənistan bütövlükdə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və konstitusiya ilə təsdiq etməlidir. Əks halda belə addımlar münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində yalnız məhdud səviyyəli irəliləyişə səbəb ola bilər. Ermənistan hakimiyyəti bunu nəzərə almalı və daha konkret addımlar atmalıdır".

Seçilən
3
1
sherg.az

10Mənbələr