AZ

Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli son illərdə vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərdən danışıb. Bildirib ki, bu gün təklif olunan dəyişikliklər də biznesin və investisiya fəallığının dəstəklənməsinə yönəlmiş bir layihə paketidir. Bu dəyişikliklər vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına yönəlib. Xidmət rəisi təklif olunan dəyişikliklərin istiqamətləri barədə danışaraq, qeyd edib ki, bu, özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişikliklərdir.

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov slaydlar əsasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə ətraflı məlumat verib. Layihənin əhatə dairəsi barədə danışan Baş idarə rəisi bildirib ki, 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur. Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.

Sonra Baş idarə rəisi sadalanan sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb.

Çıxış edən deputatlar dəyişikliklərin ölkəmizdəki fiskal siyasətin mahiyyətinə uyğun olduğunu, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün bir sıra məsələləri əhatə etdiyini diqqətə çatdırıblar, qeyd və təkliflərini səsləndiriblər.

Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov Vergi Məcəlləsinə bu dəyişikliklərdə nəzərdə tutulan güzəştlərin Dövlət büdcəsinə təsiri barədə məlumat verib.

Seçilən
7
10
publika.az

10Mənbələr