AZ

YAP Azərbaycanın tərəqqisi və sosial rifahına misilsiz töfhələr verməkdədir » AzadMedia.az


Samir Vəliyev
Milli Məclisin deputatı


Noyabrın 21-də Azərbaycan dövlətinin və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32 ili tamam olur. YAP ötən illər ərzində Azərbaycanın siyasi-ictimai, iqtisadi-sosial həyatında saysız-hesabsız uğurlara imza atıb. Dövlətçiliyin möhkəmlənməsi. demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində partiyanın rolu əvəzedilməzdir.
Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümünü qeyd edərkən hər birimiz, ilk növbədə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramımızı ifadə edirik. İllər keçdikcə, Azərbaycan daha da inkişaf etdikcə bu firavanlığı və əmin-amanlığı bizə bəxş etmiş Heydər Əliyevə daha böyük məhəbbətimizi və minnətdarlığımızı bildiririk. Birmənalı olaraq hər kəsə aydındır ki, müstəqil Azərbaycan Respublikasının mövcudluğunun qorunub saxlanılması, siyasi və iqtisadi sabitliyinin möhkəmlənməsi və dayanıqlı inkişafı, qabaqcıl dövlətlər sırasında yer alması Yeni Azərbaycan Partiyasının və dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiyanın yaranma tarixi ilə Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillik tarixi arasında qısa bir dövr olsa da, müasir dövlətçiliyimin möhkəm sütunları məhz YAP-ın iqtidarda olduğu mərhələdən başlayır. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycanın səriştəsiz və təsadüfi adamların rəhbərliyi sayəsində dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir çətin şəraitdə respublikanı bu fəlakətdən məhz Heydər Əliyevin xilas edə biləcəyi inamı qətiləşmişdi. Məhz bu reallıqlar şəraitində xalqımızın ziyalılarının bir qrupu Naxçıvan Muxtra Respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu öndərə təkidli müraciətlə ölkənin siyasi müqəddəratının Onun əlində olduğunu bildirdilər və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsi xahiş etdilər. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədiyindən partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutdu və YAP-ın təsis olunması haqqında qərar qəbul edildi.
Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi və təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq”.
YAP-ın yaranması Ulu Öndərin ideyaları, möhtəşəm nüfuzu, zəngin dövlətçilik təcrübəsinə əsaslandığından xalq arasında Heydər Əliyev Partiyası adlandırılması da təsadüfi deyildi. Bu səbədən partiya qısa müddətdə yüz minlərlə insanı nicat mənbəyi, xalqın sevgisi və dəstəyini qazanaraq siyasi istinadgah ünvanına, ümumxalq partiyasına çevrildi.
Yeni Azərbaycan Partiyası yaranmasının bir ili tamam olmamış müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Bununla da respublikamızda güclü siyasi sabitlik və əmin-amanlıq arxitekturası əsasında milli inkişafımızın əsaslı sütunları yaradıldı. Azərbaycan sabit və dayanıqlı inkişaf yolunda irəlilədi. Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə sürətli iqtisadi tərəqqiyə çataraq dünya birliyində öz layiqli yerini aldı.
Heydər Əliyev başlatdığı mükəmməl inkişaf xəttini siyasi varisinə əmanət etdi.
Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa ünvanladığı müraciətdə qeyd edirdi ki, “qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı 2003-cü ildə müdriklik göstərərək, Ulu Öndərin şəxsiyyətinə və əvəzedilməz siyasi kursuna dərin etimadın ifadəsi kimi İlham Əliyevə səs verdi. Heydər Əliyev Yolunu uğurla davam etdirən Prezident, YAP Sədri İlham Əliyevin inikal dövlətçilik istedadı və idaretməsi sayəsində ölkəmiz misilsiz uğurlara imza atmağa nail oldu. Prezident İlham Əliyev ölkə qarşısında duran bütün məsələləri, ən müqəddəs missiya olan Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızı azad edib. O, partiyamızın yaradıcısı, dövlətçiliyimizin memarı Heydər Əliyevin siyasi vəsiyyətində yer alan ən ümdə və ali vəzifəni- Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenlyini təmin etməklə Onun başa çatdıra bilmədiyi taleyüklü Qarabağ problemini də həll etdi.
Öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycanın siyasi həyatında meydana çıxan yeni çağırışlar və reallıqlar ölkə həyatının bütün sahələrində büsbütün dəyişikliklərin edilməsini, o cümlədən siyasi instututların, demokratik təsisatların da fəaliyyətində bir sıra islahatların aparılmasını qaçılmaz etmişdi. Dövlət başçısının yeni inkişaf kursundan qaynaqlanan sosial-iqtisadi yüksəlişin davamlılığını təmin etmək, habelə beynəlxalq miqyasda nüfuzu və potensial imkanları güclənən Azərbaycanın qlobal mövqeyini daha da gücləndirmək, tarixi Qələbənin nəticələrini möhkəmləndirmək, ictimai-siyasi proseslərdən doğan müasir meyarları uyğun siyasi institutlaşmada təkmilləşdirmələr aparmaq və digər mühüm hədəflər məqsədilə ölkə həyatının ayrılmaz siyasi-iqtisadi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasında da islahatların həyata keçirilməsi labüdləşdi.
Məhz bu reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də VII Qurultayı keçirilməklə partiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Qurultay partiyanın və ictimai-siyasi münasibətlər sistemində mühüm hadisə kimi yadda qaldı. Partiyanın struktural forması və kadr komplektləşdirilməsi müasir siyasi tələbatlara uyğunlaşdırılaraq yenidən müəyyənləşdirildi. Rəhbər strukturları formalaşdırıldı, qurultayda qəbul olunmuş ən əlamətdar hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın belə mötəbər vəzifəyə təyin olunması YAP-ın fəaliyyətində və ölkəmizin ictimai həyatında yeni mühüm imkanları daha da möhkəmləndirdi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, digər strukturlar formalaşdırıldı, eləcə də bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlər müsbət dəyərləndirildi.
YAP Sədri, Prezident İlham Əliyevin qurultayda önəmli mesajlar verərək partiya üzvləri qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Tarixi Zəfərimizin əsas təminatçısı olan gənclərə dərin etimad və ehtiramının nümunəsi kimi qurultayda gənclər siyasətinə xüsusi diqqətini bir daha nümayiş etdirdi. Eyni zamanda, partiyanın fəaliyyətində unudulmaz əməyi və töhfəsi olan şəxslərin Veteranlar Şurası seçildi.
Yeni Azərbaycan Partiyasının Qurultayı həm də partiya fəaliyyətində və ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasını qoydu. Partiyada baş verən bu dəyişikliklər onun fəaliyyətinin funksionallığını artırmaqla siyasi sistemimizdə yeni canlanma yaratdı ki, biz bunun aydın mənzərəsini həm Prezident, həm də Mili Məclisə keçirilən növbədənkənar seçkilər zamanı gördük. 2024-cü il fevralın 7-də xalqımız dövlət suverenliyini bıərpa etmiş Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində mütəşəkkillik göstərərək Heydər Əliyev kursuna dönməz ehtiramını nümayiş etdirdi, Zəfərimizin memarı olan cənab İlham Əliyevi beşinci dəfə ali kürsüyə seçdi.
Prezidentin apardığı genişmiqyaslı islahatların növbəti fazası kimi qanunverici istinad nöqtəsi olan parlament seçkiləri də cari ildə siyasi proseslərin mühüm tərkib hissəsi kimi yadda qaldı.
Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də beynəlxalq miqyasda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək böyük nüfuzu ilə tanınmaqdadır. İnanıram ki, partiyamız Azərbaycanın daha da tərəqqisi, sosial intibahı yolunda öz yorulmaz missiyasını daha da artıraraq töhfələrini verəcək.
Sonda partiyamızın 32 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, yeni uğurlar arzulayıram.

Seçilən
1
50
azadmedia.az

10Mənbələr