AZ

Ermənistana qarşı əsas iddia sənədi

Haaqa Məhkəməsinə təqdim olunub

İşğalçı ölkə hidroenerji ehtiyatlarımızı qanunsuz istismar etdiyinə görə cəzalandırılacaq

Ermənistan 30 illik işğal dövründə respublikamıza vurduğu ziyana görə təzminat ödəməlidir. Dövlətimiz bu istiqamətdə beynəlxalq məhkəmə instansiyalarında iddialar qaldırıb. Çünki Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərlə beynəlxalq qanun və kovnesiyaların tələblərini kobud şəkildə pozub. Bu fakt işğalçı ölkəyə qarşı hüquqi məsuliyyət yaradır. Dövlətimiz məhkəmə iddialarında da məhz beynəlxalq konvensiyalara və digər hüquqi sənədlərə istinad edir.

Ermənistan Enerji Xartiyası Müqaviləsinin müddəalarını pozub

Bu xüsusda qeyd edək ki, Azərbaycan beynəlxalq səviyyəli Enerji Xartiyası Müqaviləsinə əsasən, Qarabağın və Şərqi Zəngəzurun  zəngin mineral resurslarını, hidroenerji ehtiyatlarını qanunsuz istismar etdiyinə görə, 2023-cü il fevralın 27-də işğalçı ölkəyə qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Azərbaycan 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə bu ölkədən təzminat və maliyyə kompensasiyası tələb edib. İddia sənədində vurğulanıb ki, Ermənistan hərbi güc yolu ilə Azərbaycanı Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən məhrum edərək ölkəmizin enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub.

Əsas iddia sənədində nələr var?

Ötən ilin fevralında qaldırılan iddiadan sonra Azərbaycan iş üzrə fəaliyyətini sistemli şəkildə davam etdirib. Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin noyabrın 20-də yaydığı məlumata görə, Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə ölkəmizin enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana “Arbitraj haqqında Bildiriş” göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son mərhələdir. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş bu il yanvarın 12-də keçirilib.

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Ermənistanın beynəlxalq hüququn normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpaolunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın vaxtilə işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpaolunan enerji mənbələri, habelə digər resurslar daxildir”,-deyə məlumatda qeyd olunub.

Təzminatın məbləği milyardlarla dollar səviyyəsində ölçülür

Rəsmi İrəvan işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları qanunsuz lisenziyalaşdırıb, bu enerji mənbəyini öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və ölkəmizin bərpaolunan enerji sektorunun inkişafına maneçilik törədib. Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Beləliklə, Ermənistanın işğal dövründə respublikamıza vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. Bu proses üzrə təzminatın məbləği də kifayət qədər yüksək olmalıdır.

Nardar BAYRAMLI

Seçilən
15
13
yeniazerbaycan.com

10Mənbələr