AZ

Azərbaycanın inkişafına öz töhfələrini verən partiya – Milli Məclisin komitə sədrinin yazısı

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ili tamam olur. Hər il biz YAP-ın yaranması ilə bağlı düşüncələrimizi bölüşərkən, həm də təbii olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda mövcud olmuş tarixi şəraitə və reallığa nəzər salırıq.

Bu zaman YAP-ın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsinin müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Çünki həmin tarixi şəraitdə hadisələrin mərkəzində olan siyasi düha dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idi.

Ötən əsrin 90-cı illərinə doğru hadisələrin xronologiyasına nəzər yetirək. Mixail Qorbaçov 1985-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi və Heydər Əliyevə qarşı qərəzli münasibətilə hadisələri arzuolunmaz vəziyyətə gətirdi. M.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi özünə rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutdu. Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununla da Kremldəki yeganə və ən böyük qalamız yıxıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətindən irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı.

Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş və bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

Qorbaçovun əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanda başlamış milli azadlıq hərəkatına qoşulmasına mane olmaq idi. O bilirdi ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir məqamda o, 20 yanvar 1990-cı ildə Bakıya qoşun yeridərək xalqımızın azadlıq hərəkatını boğmağa çalışdı.
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətdən faktiki təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, törədilmiş bu ağır faciəyə laqeyd qalmadı. Qanlı 20 Yanvar faciəsinin ertəsi günü həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Seçilən
9
azpolitika.info

1Mənbələr