AZ

Tramp yeni ssenari ilə gəlir: Yaxın zamanda Ukrayna ona sərf etməyən sülhə razı salınacaq...

Son zamanlar daha da kəskinləşən Rusiya-Ukrayna müharibəsi tərəflərin qarşılıqlı raket hücumları və cəbhə savaşları ilə davam edir. Bu yaxınlarda ABŞ adminstrasiyası Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya mənzili 300 km-ə qədər olan raketlərdən istifadəyə icazə verib. Bu o deməkdir ki, Ukrayna artıq Rusiyanın istənilən şəhərinə zərbə endirə bilər. Rusiya isə bunun qarşılığında raket hücumuna nüvə silahı ilə cavab verəcəyini bildirib. Bəs bu proses hara gedir  və qarşısını almaq mümkün olacaqmı? Yoxsa, bəzi ekspertlərin də səsləndirdiyi Qiyamət ssenarisi reallaşa bilər?

Mövzuyla bağlı Sitat.info-ya danışan Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, Ukraynanın verilən icazələrlə Rusiyaya raket hücumu edəcəyi və Rusiyanın da nüvə müharibəsinə başlayacağı inandırıcı hal deyil: "Mən düşünmürəm ki, Ukraynaya verilən icazələrlə o,  Rusiyanın şəhərlərini bütün gün raket atəşinə tutacaq. Rusiyanın taktiki nüvə silahı ilə Ukraynaya cavab verəcəyi də inandırıcı gəlmir. Təbii ki, Rusiya öz mövqeyini bildirməli idi. Mövqeyi də bu oldu ki, əgər bizə qarşı hücum olarsa, buna ən kəskin formada reaksiya verəcəyik. Amma hər halda Rusiya da başa düşür ki, nüvə müharibəsinə başlamağın anlamı yoxdur. Hər halda  sözünü deyəcək".

T.Abbaslı  deyib ki, Tramp dönəmində Ukrayna ona sərf etməyən sülhə razı salıncaq və müharibə dondurulmuş konfliktlər siyahısına əlavə olunacaq: "Nəzərə almalıyıq ki, Amerikada 20 yanvardan sonra Tramp dönəmi başlayır. Tramp açıq-aşkar seçki kampaniyası dönəmində elan etdi ki, mən hakimiyyətə gələndən sonra Ukrayna savaşı bitəcək. Hansı formatda bitəcəyəni, yəni Rusiyanın xeyrinə, ya Ukraynanın xeyrinə olacağını bildirməmişdi. Çünki bu gün Tramp üçün əsas məsələ müharibəni bitirməkdir və artıq Rusiya Trampın vasitəçiliyi ilə atəşkəsə razı ola biləcəyinin işarəsini verib. Qeyd edib ki, Rusiyanın şərtləri qəbul olunarsa, atəşkəs olacaq. Yəni çox böyük ehtimal ki, yaxın müddətdə Ukrayna ona sərf etməyən sülhə razı salınacaq. Bu zaman Ukrayna məsələsi həll olunmamış, dondurulmuş konfliktlər siyahısına əlavə olunacaq və belə də davam edəcək".

Fatima Zeynal,

Sitat.info

Seçilən
10
sitat.info

1Mənbələr