AZ

“Bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq” – Elxan Abdullayev

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, çalışdırıcı ilk olaraq Moldovaya qarşı keçirilən son görüş barədə fikirlərini bölüşüb.

O, qələbəni əldən verdiklərini söyləyib: “Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.

Elxan Abdullayev U-19-un turnirdəki çıxışına da qiymət verib: “Göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Qeyd edək ki, U-19 Kişinyovda təşkil olunan oyunlarda İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzub, Moldova ilə 2:2 hesablı heç-heçə edib.

Seçilən
1
7
futbolinfo.az

10Mənbələr