Su ilə bağlı məsələlərin həlli üçün BMT-nin müxtəlif strukturları və onun tərkibinə daxil olan konvensiyalar arasında əməkdaşlıq gücləndirilməlidir.
Bu barədə Böyük Britaniya Birləşmiş Krallığının və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin təbiət məsələləri üzrə xüsusi nümayəndəsi Rut Devis COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.
"Uzun illər iqlim, təbiətin mühafizəsi və ərzaq təhlükəsizliyi sahələrində çalışanlar üçün bu məsələlərin su vasitəsilə qarşılıqlı əlaqəsi aydın və təbiidir. Su bu sahələrin dayanıqlığını dəstəkləməklə yanaşı, yaranan problemlərin göstəricisi rolunu oynayır.
Aydındır ki, su dünya ekosistemlərinin rifahını təmin etməkdə əsas rol oynayır. Tropik meşələrin sağlamlığı ilə bağlı bir nümunə gətirərək onun əhəmiyyətini göstərmək istəyirəm. Bu mövzu BMT-nin İqlim Dəyişikliyi üzrə Konvensiyasının müzakirələrinin mərkəzində dayanır. Tropik meşələrin sağlamlığı birbaşa suya bağlıdır, eyni zamanda meşələr də su dövranının vacib bir hissəsidir. Onlar yağıntıları tənzimləyir və milyonlarla insanı qidalandıran tropik kənd təsərrüfatı hövzələrini təmin edir. Beləliklə, sağlam su ekosistemləri dəstəkləyir, sağlam ekosistemlər isə su dövranının davamlılığını təmin edir. Bu məqsədə nail olmaq üçün BMT-nin müxtəlif strukturları və onun konvensiyaları arasında daha sıx əlaqə qurmaq lazımdır", – deyə R.Devis vurğulayıb.