AZ

Yaşıl zonanın panel iclasları: yaşıl dünya naminə

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Yaşıl binalar və tikinti sektorunun dekarbonizasiyası" mövzusunda panel keçirilib. Tədbirdə beynəlxalq və yerli liderlər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Çin, Cənubi Afrika və Türkiyədən olan sənaye nümayəndələri bir araya gəlib. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Aliyə Əzimova Kiçik və Orta Biznesin (KOB) yaşıl tikinti sənayesinin təmin edilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların dünya üzrə fəaliyyət göstərən bütün müəssisələrin 90%-dən çoxunu təşkil etdiyini, bu səbəbdən də yaşıl tikinti infrastrukturuna tələbi artıra biləcəyini söyləyib. UNEP, Çin, Cənubi Afrika və Türkiyədən olan sənaye nümayəndələri isə yaşıl inşaat standartlarını iqlim dəyişikliklərinin mübarizə planları ilə uyğunlaşdırmağı, yaşıl ipoteka kimi maliyyələşdirmə variantları və dayanıqlı şəhərsalma inkişafını sürətləndirən uğurlu əməkdaşlıq modellərini müzakirə ediblər.

***

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri baş tutub. İki gün davam edən tədbirin gündəliyinə yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçid üçün hamıya layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, Beynəlxalq Əmək Təşkilatının Təlimatlarının tətbiqi məsələlərinin müzakirəsi daxildir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Nazir yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə edildiyini, 160 xidmətin 90 faizindən çoxunun rəqəmsallaşdırıldığını qeyd edib.

Həmçinin e-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib. O, Azərbaycanda aparılan sosial islahatları, təkcə son 6 ildə ölkədə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketinin icra edildiyini vurğulayıb. Qeyd edilən dövrdə 624 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiyini, 35 min şəxsin peşə hazırlığına, 2700-dən çox insanın əmək haqqının birgə maliyyələşdirmə proqramına, 92 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib. S.Babayev sosial-iqtisadi inkişaf və inklüziv cəmiyyətin formalaşması və ekoloji təmiz gələcəyin qurulmasında əməkdaşlıq, anlaşma və birgə səylərin tələb olunduğunu vurğulayıb.

Həmçinin, BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini, BMT-nin Avropa və Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Problemləri üzrə Koalisiyasının həmsədri Dmitri Mariyasin, BMT-nin İqlim Dəyişikliyi Təsirlərinin Azaldılması Departamentinin rəhbəri Ceyms Qrabert, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

***

COP29 çərçivəsində “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün innovativ həllər və gələcək addımlar” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı COP29 Sədrliyi Azərbaycan Turizm Agentliyi ilə birgə təşkil edib. BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Vircinia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində diqqət iqlim fəaliyyətini sürətləndirmək üçün innovativ və praktik həll yollarına, eləcə də Turizm Günü ilə bağlı gələcək planlara yönəlib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün mühüm fürsətdir. O qeyd edib ki, COP çərçivəsində turizmə diqqət yetirmək dayanıqlı inkişafın hərəkətverici qüvvəsi kimi turizmə yeni təsəvvür və baxışlarla yanaşmağa imkan verir. “Səyahət Korporasiyası”nın (“The Travel Corporation”) dayanıqlılıq üzrə direktoru Şannon Gihan təklif olunan turizm paketlərində dekarbonizasiya və karbon izinin azaldılmasını əsas hədəf götürdüklərini bildirib. Qeyd edilib ki, Avropaya səyahətlərin 60 faizi məhz dekarbonizasiya proqramı çərçivəsində həyata keçirilir. Belə ki, gecələmə, qidalanma, mobillik və digər parametrlər üzrə kiçik və orta sahibkarlıq subyektlərinə fond vəsaitləri ayrılır.

“Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms çıxışında təmsil etdiyi şirkətin turizm fəaliyyətində iqlimə uyğun proseslərin təşkilinə səy göstərdiyini diqqətə çatdırıb. Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis turizm sektorunun bir sıra digər sahələrlə üzvi surətdə əlaqəli olduğunu vurğulayıb. Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Heitor Kadri bildirib ki, COP29-da əldə edilən nəticələr Braziliyada keçiriləcək COP30-dək konkret addımların atılacağına nikbin ümidlər doğurur. Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Urosevic COP29 çərçivəsində turizmlə bağlı görüşlər, çıxışlar, qəbul olunan Bakı Bəyannaməsi və perspektivlər barədə fikirlərini bölüşüb, COP30-da bu proseslərin davam etdiriləcəyinə ümidvarlıqlarını bildiriblər.

***

Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkilatçılığı ilə “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçirilib. Tədbirin əsas müzakirə mövzuları Azərbaycanın tranzit qovşağı olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılmasında aktiv fəaliyyəti, dəmir yolları nümunəsində nəqliyyatda dekarbonizasiya səyləri, ADY-nin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri və Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində artan rolu olub.

ADY sədri Rövşən Rüstəmov tədbirdə “Azərbaycanın regional və qlobal iqlim məqsədlərinə nail olunmasında Azərbaycanın rolu: Ölkənin nəqliyyat strategiyasında dəmir yollarının rolu” mövzusunda çıxış edərək ADY-nin qlobal iqlim çağırışlarına uyğun olaraq 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olması, beynəlxalq GRI və SASB standartları əsasında ADY-də müvafiq diaqnostikanın aparılması və bu diaqnostikanın nəticəsi olaraq ilk dəfə “Dayanıqlılıq hesabatı”nın hazırlanaraq ictimaiyyətə təqdim olunması barədə məlumat verib. Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpaolunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

***

COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkil etdiyi “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri bu gün növbəti panel sessiyalarla işini davam etdirib. Sessiyaların açılışında BƏT-in Müəssisələr Departamentinin direktoru, Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət Tərəfdaşlığının İdarə Heyətinin üzvü Rie Vejs-Kjeldgaard, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış ediblər.

Yaşıl iqtisadiyyata keçid prosesində hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının və dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, BƏT-in Təlimatlarının tətbiqi məsələlərinin müzakirə olunduğu bu tədbirin önəmi və fəal, səmərəli təcrübə mübadilələrinə imkan yaratdığı vurğulanıb. Müxtəlif ölkələrdən, BMT-dən və digər beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilərin iştirak etdiyi panel müzakirələrində kömür mədəni regionlarında, habelə Asiya-Sakit Okean regionunda yaşıl enerjiyə keçid, bǝrpaolunan enerji mǝnbǝlǝrindǝn istifadǝnin təşviqi, yaşıl iş yerlərinin yaradılması, gender bərabərliyinin təmin edilməsi sahələrində mövcud vəziyyət və aparılan siyasətlərdən bəhs olunub, təcrübələr təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov müzakirələrin yekununda çıxış edərək yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. Nazir müavini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən il imzalanmış Baş Kollektiv Sazişində yaşıl iqtisadiyyata ədalətli keçid üçün vəzifələrin müəyyən edildiyindən danışıb.

***

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov COP29 çərçivəsində Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) təşkil etdiyi “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirədə iştirak edib. Mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarəedilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Direktor qeyd edib ki, ölkədə sututarlar, suvarma kanalları dövlətin maliyyəsi hesabına qurulur, köhnəlmiş sistemlər dövlət büdcəsi hesabına təmir olunur. Həmçinin son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

Seçilən
14
sesqazeti.az

1Mənbələr