AZ

COP29: həmrəylik və dialoq çağırışları iqlim dəyişikliklərini yaradan neokolonializmə yox deyir

“1966–1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib”.

Prezident İlham Əliyev

İndi dünyanın bütün diqqəti COP29 tədbirinə yönəlib. Lakin əvvəlcədən qeyd edək ki, İqlim dəyişmələri və onun yaratdığı seriya problemlərin həllinə yönəlik  həyati dərəcədə vacib bir məsələ ilə əlaqədar siyasəti həyata keçirən BMT-nin  COP 29   tədbirinə qarşı dünyada aparılan kampaniyanın mövcudluğu sübut edir ki, tarixi prosesin müasir dərki bir sıra dövlətlərin rəhbərləri tərəfindən düzgün anlaşılmır. Bu səbəbdən də elm və texnikanın yaratdığı imkanlar hazırda   quruculuq, mədəniyyət, humanizm prinsiplərinə xidməti deyil, əvvəlki dövrlərində olduğu kimi  ikili siyasətin əlində alətə çevrilərək dağıdıcılığa, bir növ imperial təfəkkürün davamı kimi neokolonializmə xidməti həyata keçirir. Əlbəttə biz anlayırıq ki,  müasir Şərq filosofu J. Krişnamurtun təbirincə desək, “zəka nə qədər qarışıq, nə qədər qorxunc, nə qədər ağıllı, hiyləgər olarsa, sistem, nəzəriyyə və fikirlər də bir o qədər müxtəlif olar.”

Aydındır ki, COP29 kimi qlobal tədbirdə  qaldırılan, irəli sürülən  məsələlərin, səsləndirilən iqlim dəyişmələri və ekoloji problemlərin həllinə cəhddə olan  həm çağırışların,  həm də iqlim və ekoloji tarazlığın pozulması, sülh, təhlükəsizlik, sosial, siyasi, iqtisadi  və s. problemlərin həllinə olan təhdidlərin  tam olaraq bir yazıda verilməsi  – izahı mümkün  deyildir.  Ancaq məqaləmizin əvvəlində xüsusi qeyd edək ki,  COP tarixində Azərbaycan Respublikasının həyata keçirdiyi bu tədbir qədər dünyada rezonans yaradan ikinci bir iqlim dəyişmələrini, sülh və təhlükəsizlik məsələlərini, ekoloji problemləri və s.  əhatə edən qlobal miqyaslı tədbir  nəinki Avrasiya miqyasında, o cümlədən, indiyə qədər dünyanın heç bir yerində – son dərəcə yüksək səviyyəli və təntənəli, həm də iştirakçıların miqyası və sayı baxımından – olmayıbdır.   Ona görə də  ölkəmizin ən yüksək şəkildə ev sahibliyi etdiyi bu tədbirin hazırda dünyanın bir nömrəli trendinə çevirilməsi faktı heç kəsdə şübhə doğurmur.  Təbii ki, bu isə bəzi neokolonialist siyasət yürüdən dövlətlərdə həm də qıcıq yaradır, çünki Azərbaycanın həyata keçirdiyi dialoq platformaları məhz dünyada baş verən hər cür diskriminasiyaların və təhlükələrin aradan qaldırılmasına xidmət edir ki, məhz bəzi qüvvələr bu səbəbdən də, qeyd olunan platformalara sözün birbaşa anlamında maneələr yaradırlar.

Azərbaycan Prezidenti İlham Əliyev COP29  Liderlər Sammitinin açılış mərasimində COP29 əleyhinə təbliğat aparanlara mesajı isə sübut etdi ki, “baykot” siyasətini həyata keçirənlər öz niyyətlərinə çata bilmədilər:  “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var”.   Fakt budur ki, COP 29 tədbirinin miqyası o qədər genişdir ki, ona qarşı aparılan əks-təbliğatların da olması başa düşüləndir.  Çünki söhbət ondan gedir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan son zamanlar elə qlobal “tektonik layları tərpətmişdir ki” onun əks-sədası hələ uzun müddət geostrategiyada rezonanslar yaradacaqdır.  Bu anlamda hazırda  əksər ölkələrin informasiya məkanında gedən həm tezis, həm də ölkəmizə qarşı işlənən antitezislərdən məlumdur ki, COP29 artıq öz bəşəri missiyasının  həyata keçirilməsi istiqamətində qarşıya qoyduğu hədəfinə çatmışdır və onu dəstəkləyənlərin də miqyasının genişliyi bir daha  bu fikir təsdiq etmiş olur: qlobal anlamda planetar təfəkkür öz gələcəyindən narahatdır və bu səbəbdən də onlar Bakıya son “Ümid Evi” kimi baxırlar. 

Ancaq bir məsələ də vardır,  bu qlobal tədbirə qarşı dayananlar əslində, həm BMT-nin irəli sürdüyü tarixi prinsiplərə, həm də  onun müdafiə etdiyi Davamlı İnkişaf Konsepsiyasına  –   17 hədəfə qarşı çıxış edirlər, bu da əslində,  bəzi dövlət başçılarının tarixi travmalardan qaynaqlanan imperialist təfəkkürünün yeni neokolonialist  formada təzahüründən başqa bir şey deyildir. Yaxud, bütövlükdə biz bu siyasəti dünyanın gələcəyinə olan biganəlik və ya neokolonialist siyasəti irəli sürən tərəflərin  anti-sülh hərəkətinin davamı kimi qiymətləndirə bilərik.  Əks təqdirdə sual yaranır, məsələn, Fransa və ya Hindistan Ermənistanı niyə silahlandırırlar və bütövlükdə bu silahlandırma və münaqişələrin dünya miqyasında iqlim dəyişmələrinə gətirdiyi fəsadları onlar hesablayıbmı?  Yaxud, Fransa öz nüvə sınaqlarının Planetə vurduğu fəsadların nəticələrini aradan qaldırmaq üçün indiyə kimi ciddi bir maliyyə addımı həyata keçirib? Ümumiyyətlə, ada dövlətlərinin acınacaqlı vəziyyətə düşmüş  taleyi Fransa siyasi təfəkküründə necə dərk olunur –  onlar həqiqətənmi Avropa siyasiləri üçün cəngəllik övladları kimi dərk olunur? Əgər bu belədirsə, onların demokratiya və insan haqlarından danışmağa mənəvi əsasları varmı?   Bu səbəbdən də COP-a qarşı çıxış edənlərin anti-iqlim hərəkatları başa düşüləndir və qlobal anlamda istər mədəni, istər humanistik, istər də hüquqi baxımdan məsuliyyət həmişə onlarladır.  Ona görə də biz burada yalnız bir əlahəzrət faktı qeyd edirik: Prezident İlham Əliyevin COP29 təbirində qeyd etdiyi kimi  danılmaz faktdır ki,  “1966–1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib”. 

Xüsusi qeyd edilməli məsələlərdən biri budur ki, hazırda dünyanın taleyinə məsuliyyətli olan beynəlxalq  təsisatların liderləri də bəzən məsuliyyətsiz çıxışlar edir, Azərbaycana və dünyanın inkişaf etməkdə olan digər xalqlarına  qarşı öz nitqlərində lazım olmayan ifadələr işlədirlər. Bu isə şübhəsiz siyasətdə qeyri-ciddi yeni bir ənənənin də yaranmasına səbəb ola bilər.  Məsələn, son dövrlərdə Cozep Borrell kimi yüksək məsuliyyət daşıyan bir diplomatın  “Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik” adlandırması son dərəcə təssüfləndirici hadisələrdəndir. Əslində, bu xüsusiyyət müasir Qərb liderlərinin bir çoxunda çatışmayan keyfiyyət kimi həmişə həmin ölkələrin cəmiyyətləri üçün problem yaratsa da, təəssüf ki, bu təsisatların başçıları bir çox hallarda dünyanın digər xalq və dövlətlərinə qarşı məsuliyyətsiz fikirlərin də işlədilməsinə rəvac verirlər. Prezident İlham Əliyevin COP29-tədbirində qeyd etdiyi kimi,  “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”. Bu  tezis isə bir daha onu təsdiq edir ki, Qərb təsisatlarının liderlərinin bir çoxları həqiqətən də, hazırda Azərbaycanın həyata keçirdiyi mədəniyyət, humanizm, siyasi dialoq, dialoq fəlsəfəsi və  dialoq mədəniyyəti etikasından  kifayət qədər öyrənəcəyi məsələlər vardır.  Fakt budur ki, Prezident İlham Əliyevin ən müxtəlif situasiyalarda, siyasi kuluarlarda qeyd etdiyi, işlətdiyi bütün sözlərin arxasında həm ciddi faktlar dayanır, həm də insanın, cəmiyyətin ekzistensial kimliyindən qaynaqlanan bir məsuliyyət, daima hiss olunmaqdadır.   Ona görə də istər COP29 tədbirlərinə qarşı əks-təbliğat aparanlar, istərsə də biz toplum olaraq bir şeyi yəqin etməliyik ki,  Azərbaycanın dövlət başçısı tarixi ənənədən, dialoq fəlsəfəsinin ekzistensial əsaslarından,  milli mənəvi maraqlardan,  Heydər Əliyev məktəbinin qlobal miqyası və bəşəriliyindən, həm də bir xarizmatik siyasətçi və praqmatik lider kimi həmişə çıxış etdiyindən o, heç zaman  işlətdiyi ifadələrdə, irəli sürdüyü tezislərdə təsadüfi sözlərdən və ritorikalardan istifadə etmir.

Fakt budur ki, indi İqlim böhranından və neokolonial siyasətdən əziyyət çəkən ada dövlətlərinin Azərbaycana  ümidlə güvənməsi də  bu yüksək şüuru və humanist təfəkkürü özündə ehtiva edən siyasətdən  qaynaqlanır. Məhz istər Qoşulmama Hərəkatına ölkəmizin rəhbərlik etdiyi zamanda, istərsə də Bakıda keçirilən “Bakı Prosesi” platforması çərçivəsində reallaşan dinlər, mədəniyyətlər, sivilizasiyalar arası dialoq platformalarında Prezidentə və ölkəmizə qarşı yaranmış simpatiyanın səbəbləri də həmin siyasətlə bağlıdırlar. Səmimi etiraf edək ki,  “ada dövlətlərinin” ölkəmizə ümid mənbəyi, ümid çırağı kimi baxmalarının səbəbi buradan gəlir: iqlim dəyişilkərinin gətirdiyi ölümcül sonluqdan, sosial ziddiyyətlərdən, siyasi kataklizmlər və nəhayət bütün bunların mənfi hərəkətverici qüvvəsi kimi çıxış edən neokolonializmdən onlar yaxa qurtara bilərmi?!  Təbii ki, bu tarixi bir missiyadır, bu missiya həm də bəşəriyyətin gələcəyinə doğan məsuliyyətdən irəli gəlir.  Bu səbəbdən də ölkə başçısı İlham Əliyevin   COP29 çərçivəsində keçirilən  “İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin” Sammitində çıxışı hər kəs üçün ibrətamiz mesajdır. Dünya müharibələr, neokolonializm, münaqişələr siyasətindən mərhəmət, yardımlaşma, kömək əlini uzatma, mədəniyyətlərin dialoqu və s. kimi bəşəri platformalara keçməli, bu paradiqmaları inkişaf etdirməlidir.   Ölkə başçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kimi əsaslardan çıxış edərək,  “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb”. Təbii ki, bu formalı siyasət neokolonialist siyasət yürüdən dövlətlər tərəfindən qətiyyən qəbul edilə bilməz.

 COP29 İqlim dəyişmələri tədbirində irəli sürülən problemlər bir daha təsdiq edir ki,  hazırda dünyanın üzləşdiyi elə problemlər var ki, bu problemlər özünün pik nöqtəsinə çatıb. Acaq təəssüf ki, bu problemlərin içərisində iqlim dəyişliklikləri, ekoloji, sülh, təhlükəsizlik, birgəyaşayış, konsensus, dialoq, kommunikasiya və s. kimi problemlər əksər məqamlarda bəzi qərb dövlətləri tərəfindən əhəmiyyətsiz hadisə kimi arxa plana atılır. Halbuki nəzəri fikir sübut edir ki, qeyd olunan məsələlər öz həllini tapmazsa Planetin nəinki uzaq gələcəyi, hətta yaxın onillikdəki tarixi sual altına düşə bilər.   Mübaligəsiz qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizə qarşı qərəzli mövqe tutan və xüsusilə, Ermənistanın haqsız mövqeyini dəstəkləyən dövlətlər tərəfindən həm də yeni Səlib yürüşünün başlanmasına səbəb olmuşdur. Fakt budur ki, Fransanın timsalında neokolonializmi dəstəkləyən bir çox qlobal dövlətlərin maraqlarına toxunan bu tədbirə öz ərazi Suverenliyini bərpa etmiş ərazicə kiçik bir ölkənin – Azərbaycanın ən yüksək formada və cəsarətlə başçılıq etməsi sözün həqiqi mənasında qısqanclıq yaradır.   Məsələn, hazırda Fransa kimi qədim tarixə malik və demokratiya sahəsində irəliləmiş bir ölkənin COP29- əleyhinə fəaliyyəti bir tərəfdən başa düşülməzdir, digər tərəfdən  həm də, elə başa düşüləndir. Çünki Azərbaycanın irəli sürdüyü platformaların hamısı dünyanın gələcəyinə, birgəyaşayış və vəhdətə hesablanmış paradiqmalar olduğundan o bilavasitə imperializmin hər cür təzahürü və müstəmləkəçiliyi inkar edir.  Bu isə şübhəsiz nekolonialist siyasət yürüdən dövlətlərin maraqlarına toxunur.

 Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində  qeyd etmişdir: “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”. Çünki məsələ ondadır ki, Fransanın hətta yaxın tarixinə nəzər etdikdə məlum olur ki, bu ölkənin xarici siyasətində  kolonial tarixi imperativlər hələ də onun müasir geostrateji hədəfləri kimi çıxış edir.  Şübhəsiz özünü dünya mədəniyyətinə, demokratiyası və tolerantlığa açıq bir cəmiyyət kimi təqdim edən ölkə üçün sadəcə bu  riyakarlıqdan və siyasi avantüradan başqa bir şey deyildir. Digər bir vacib faktı burada qeyd etmək zərurəti yaranır:  “Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür”.  Bu baxımdan Fransanın Cənubi Qafqaz siyasətinin də əsaslarını həmin tarixi istək təşkil edir: neokolonializm!   Söhbət həm də ondan gedir ki, indi Mokronizm kimi səciyyələndirilən Fransanın hazırkı siyasəti, həm də elə fransız xalqının əleyhinə olan bir prosesdir. Bu səbəbdən də obyektiv fransız politoloqlarının, elm adamlarının da bir çoxunun bəzi  məqamlarda  Makronun Cənubu Qafqaz və COP29 siyasətinin tənqidinin əyanı şahidi oluruq. 

Təbii ki, COP29 tədbirinə Azərbaycanın başçılıq etməsi həm ölkəmizin,  həm də regionumuzun bütün dünyada müsbət imicinin formalaşmasına xidmət edir. Azərbaycanın qlobal təşəbbüslərlə çıxış etməsi isə bütövlükdə onu bir daha təsdiq edir ki, humanizm və birgəyaşayış siyasəti Azərbaycan dövlətinin bilavasitə strateji hədəflərindəndir.  Ona görə də COP29 bəzilərinin iddia etdiyi kimi yalnız ekoloji problemlərin, iqlim dəyişmələri və s. məsələlərlə məhdudlaşa bilməz. Bu paradiqma və rasional siyasəti irəli sürən dünyanın, insanın, xalqların ekzistensal kimliyinə məsuliyyət daşıyan liderlərin həm də bir fürsətidir – dünyanı, planeti, insanlığı xilas etmə fürsəti.   COP platformasının Azərbaycan nümunəsi bir daha göstərdi ki, əslində, qlobal miqyaslı bu tədbirlərin əsas qayəsi dünyada sülh və təhlükəsizliyi, mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoq və əməkdaşlığı, dünyada davamlı sosial, siyasi, milli, bəşəri dayanıqlılığın əsaslarının müdafiəsi təşkil edir. Heç şübhəsiz  bu proses böyük bir siyasətin tərkib hissəsi olduğundan onun yaradtığı rezonans da böyükdür və yaxın günlərdə bütün dünyanın siyasi, mədəni, ekoloji və iqlim gündəliyinin trendlərinin sürəkli olaraq COP29 Paradiqmaları olduğunun şahidi olacağıq. Bu anlamda irəli sürülən  problemə Azərbaycanın daha dözümlü yanaşması isə əslində tarixdən, onun yaratdığı müsbət ənənələrdən və hazırkı dövlət siyasətindən qaynaqlanır: Neokolonializm dayandırılmalıdır.  COP29 və Yaşıl Dünya naminə həmrəylik ideyaları  neokolonializmə, atmosfer çirklənmələrinə, ekoloji səbatsızlığa,  müharibə və münaqişələrə, müstəmləkəçilik və irqçiliyə yox deyir.

Sonda Cənubi Qafqazda neokolonial siyasəti həyata keçirmək istəyən və tarixən ada dövlətlərində bu siyasəti onların əzablı yaşamına, məşəqqətli həyatına çevirən COP29 əleyhinə sürəkli  çıxışlar edən siyasətbazlara  elə fransız mütəfəkkiri A. Dümanın azərbaycanlılar barədə işlətdiyi  bir etirafını xatırlatmaq istərdim. “Qafqaz səfəri” əsərində böyük fransız səyyahı və mütəfəkkiri A.Düma yazır: “Şərqdə silah gəzdirmək özünü müdafiə etmək üçün deyilmiş. Bu həm də ona görəymiş ki, sənə hücum etməsinlər”.   Göründüyü kimi, Azərbaycan öz ləyaqətli ənənələrinə sadiqdir, onun özünümüdafiə haqqı həm beynəlxalq hüquqdan, həm də təbii hüquqdan gəlir.  

Şölət Zeynalov,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Seçilən
7
ikisahil.az

1Mənbələr