AZ

Heyli Kampbel: Gənclərin effektiv şəkildə NDC prosesinə cəlb olunması onlara investisiya qoyulmasını tələb edir

“Care About Climate” təşkilatı gənclərin iqlim siyasəti proseslərində iştirakını təmin etmək üçün sərhədləri aşmağa kömək edən bir təşkilatdır. Bu gün biz iqlim böhranının artması ilə bağlı həqiqətən çox vacib bir mövzunu müzakirə etmək üçün buradayıq".

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb olunması: irəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda baş tutan tədbir zamanı “Care About Climate” təşkilatının həmtəsisçi icraçı direktoru Heyli Kampbel deyib.

“Təəssüf ki, mövcud NDC-lər (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) çərçivəsində dünya 2,7 °C istiləşmə yolundadır. Ölkələr üçün NDC-lər vasitəsilə emissiyaları azaltmaq məqsədlərinə necə çatacaqlarını göstərən müxtəlif yollar mövcuddur. NDC-lər bizə ölkələrin əslində nə edəcəyini bildirir. Bir çox ölkə üçün NDC-lər bir öhdəlikdir, lakin gənclər üçün bu sənədlər gələcəkdə bizi nəyin gözlədiyinə dair məlumat verir. Nəsilləri əhatə edən problemlər eyni zamanda nəsilləri əhatə edən liderliyi də tələb edir. Buna görə də, Care About Climate təşkilatı təsirli NDC-lərin hazırlanmasının nəsillərarası əməkdaşlıq tələb etdiyini nəzərə alaraq, NDC Ədalət İzləyicisi (NDC Equity Tracker) şəbəkəsini yaratdı".

O bildirib ki, bu, öz ölkələrindən öz NDC-lərini anlamaq və təhlil etmək üçün təlim keçmiş gənc səfirlər şəbəkəsidir:

“Son bir neçə ildə biz qlobal emissiyaların 85%-ni təmsil edən 54 NDC-ni analiz etmişik və bunlara ən yüksək 10 emissiya verən ölkələrin səkkizini daxil etmişik və bu geniş səfirlər şəbəkəsi vasitəsilə apardığımız araşdırmalar nəticəsində, təəssüf ki, NDC-lərin kritik şəkildə çatışmazlıqlarının olduğunu aşkar etdik. Təhlil etdiyimiz NDC-lərin 60%-dən çoxunun gəncləri NDC inkişaf proseslərinə mənalı şəkildə daxil etmədiyini gördük. Eyni zamanda, təhlil etdiyimiz NDC-lərin 49%-dən çoxunun qadınları və gender məsələlərini məzmunlu şəkildə qeyd etmədiyini aşkar etdik”.

Heyli Kamobel əlavə edib ki, gənclərin effektiv şəkildə cəlb olunması onlara sərmayə qoyulmasını tələb edir:

“Bu həmçinin maliyyə COP-u olduğu üçün, gənclərin effektiv şəkildə cəlb olunması da onlara investisiya qoyulmasını tələb edir, çünki gənclərə sərmayə qoymaq, həm də gələcəyə sərmayə qoymaq deməkdir və əlbəttə ki, hamımızın yaratmaq istədiyimiz dünyaya sərmayə qoymaq deməkdir".

Mirvari Əzizova

Seçilən
13
apa.az

1Mənbələr