AZ

Xuraman Muradova: "Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir"

Bu gün 21 noyabr Ulu Öndərimiz, Ümummilli Liderimiz tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. Bu, bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyası  ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam düşüncəli ziyalıları Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
 
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
 
Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyasının yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
 
Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Bu tarixi qərar Azərbaycanın təməlli inkişafının əsasını qoymuş oldu.
 
Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
 
Yeni Azərbaycan Partiyasının simvolu - dəfnə ağacı  və onun mərkəzində səkkiz guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Bayrağın üzərində partiyanın simvolu əks olunub. Partiyanın simvolu olaraq dəfnə ağacının simvol kimi seçilməsi də təsadüfi deyil. Çünki dəfnə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. YAP-ın bayrağı ağ rəngdədir. Ağ isə Sülh, əmin-amanlıq rəmzidir.
 
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  Yeni Azərbaycan Partiyası  bu gün etibarlı əllərdədir. Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. 1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi.   26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi.
 
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir.
 
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İham Əliyevin əsrə bərabər 21 il ərzində möhkəm təmələ əsaslanaraq həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın daha böyük uğurlara imza atmasını şərtləndirir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir. Əlbəttə ki, bütün bunlar məhz YAP-ın siyasi baxışlarının məntiqi nəticəsidir. Çünki qazanılan hər bir uğurda 32 illik keşməkeşli yol keçmiş YAP-ın siyasəti dövlət siyasəti olaraq, Prezident İlham Əliyevin müdrik və mütərəqqi siyasəti olaraq qiymətləndirilməkdədir.
 
İqtisadi və siyasi islahatların vəhdəti  fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir.
 
"Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiyasıdır" – deyən ümummilli liderin bu sözləri indi hər addımda öz təsdiqini tapır. Bu gün Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Məhz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.
 
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun məntiqi nəticəsi olaraq, Vətən savaşında qazanılan böyük qələbə ölkə rəhbərimizə ümumxalq sevgisini və inamı birə min artırmışdır. Xalqına güvənən  müdrik liderin siyasətdə və diplomatik arenada qazandığı qələbələr xalqın ona, onun da xalqa arxalanmasında  əminliyi və bundan sonrakı addımlarında daha da güvənilməsinə əsas verir.
 
32 ildir qət edilən bu şərəfli və qürurlu yol çağdaş və bağımsız Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru uğurla, inamla addımlayır.
 
Ürəkdən inanırıq ki, ümummilli lider, ulu öndər Heydər Əliyevlə başlanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilən  bu yol dövlətimizi, xalqımızı daha işıqlı sabahlara – parlaq gələcəyə aparacaq. Və nə qədər ki, müstəqil Azərbaycanımız yaşayır, Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı da Azərbaycanla qoşa çəkiləcək, bu dövləti inkişaf və tərəqqi yoluna çıxaran bir tarixi şəxsiyyət kimi, tarixin özünü yaradan bir insan kimi gələcək nəsillər də daim onunla fəxr edəcək, milli qürurumuz olaraq daim qəlbimizdə yaşayacaqdır.
 Xuraman Muradova 
Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki,
Türk Dünyası Araşdırmaları  
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 
Türk dünyası “Onur” və “Altın yıldız” medallı, 
"Humay" Milli Mükafatı laureatı, 
Qırğızıstan Respublikası  “Çingiz Aytmatov" adına medal sahibi, 
Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı,
"Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Türkiyə Yazarlar Birliyinin üzvü, 
Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü 
 
Seçilən
18
moderator.az

1Mənbələr