AZ

İrəvan SİLAHLANIR: “Əgər mövqelərimizə yaxınlaşdırarlarsa…”

“30 illik işğal tarixinə malik olan Ermənistan hücum silahları almaqla Vətən müharibəsində itirdiyi döyüş potensialını bərpa etməyə çalışır. Ermənistana əsas silah ixracatçıları sırasında isə ilk sırada Fransa və Ermənistan yer almaqdadır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Mütəxəssis Ermənistanın Hindistandan yeni yedəkli artilleriya qurğuları alacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, Ermənistan 55 mm. çapa və 53 kalibr lülə uzunluğuna malik ATAGS yedəkli haubitsalarını daha əvvəl Hindistandan əldə etmişdi:

“O zaman İrəvan 6 ədəd haubitsanı əldə edib onların sınaqlarını başa çatdırmışdı. Haubitsaların ümumi sayı ilə səslənən rəqəmlər isə müxtəlifdir. Zaman-zaman Ermənistanın 60, 78, hətta 84 ədəd haubitsa alınmasına dair məlumatlara rast gəlsək də, hələlik dəqiq və təsdiqlənmiş rəqəmlər mövcud deyil. Onsuz da Ermənistan ordusu birdən-birə belə bir sayda haubitsaları almaq üçün kifayət qədər maliyyə imkanlarına malik deyil. Böyük ehtimalla, Hindistan bu haubitsaları ya daxili qiymətlərə, yaxud da yardım adı altında Ermənistana verə bilər. İstənilən halda, uzaq mənzilli və 40 km-dən artıq atəş məsafəsinə malik silahların Azərbaycana qarşı istifadə üçün Ermənistana verildiyi aşkar faktdır”.

Ə. Verdiyevin fikrincə, Hindistanın Ermənistana hücum silahları verməsi yanlış bir addımdır:

“Təbii ki, bu addımı Hindistan Çin, Pakistan, Türkiyə və Azərbaycanın müsbət dostluq əlaqələri fonunda həyata keçirir və bu, birmənalı olaraq, Hindistanın Ermənistana ərazidə öz maraqlarında istifadə etməsi, hətta İrəvanın eskalasiya yaratması məqsədlərinə xidmət edəcək. İstənilən halda, bu təchizat heç bir halda Azərbaycanla Ermənistan arasındakı güc balansında olan dərin uçurumu aradan qaldırmayacaq. Çünki Azərbaycan ordusunun silahlanmasında ATAGS artilleriya sistemlərindən daha üstün hərbi vasitələr mövcuddur. Məsələn, Azərbaycan son 1 ildə Serbiya və Çexiyadan 120 ədəd “Nora B-52” və DITA özüyeriyən artilleriya qurğuları sifariş edib”.

“Bundan başqa, Azərbaycanın “Gvozdika”, “Akatsiya”, “Pion”, DANA və ATMOS 2000 kimi özüyeriyən artilleriya qurğuları da daha əvvəl silahlanmada mövcud olub və onların bəzilərini yeni əldə edəcəyimiz DITA VƏ “Nora”lar ilə əvəz etməyə hazırlaşırıq.

Digər tərəfdən isə Azərbaycanın D-30, D-20, 2A36, D-44, M-46 yedəkli artilleriya sistemlərimiz heç də ATAGS-lardan geri qalmır və Ermənistan Azərbaycan artilleriya bölmələrinin atəş gücünü öz dərisində yaxın keçmişdə hiss edib. Əgər Ermənistan tərəfi əldə etdiyi yeni hücum silahlarını Azərbaycan Silahları Qüvvələrinin mövqelərinə zərər yetirə biləcək məsafəyə qədər yaxınlaşdırarsa, həmin silahlar sıradan çıxarılacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
16
yenicag.az

1Mənbələr