Hazırda Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
Panel müzakirələrində çıxış edən R. Rüstəmov ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə toxunub.
Bildirib ki, rəqəmsal həllərin tətbiqi sayəsində Çindən Orta Dəhlizlə Avropaya və əks istiqamətə yüklər daha sürətlə daşınır: “Dəniz marşrutları ilə müqayisədə Orta Dəhlizlə yüklər 3 dəfə daha sürətlə çatdırılır”.
ADY sədri Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşmə nəticəsində bu ilin mayından tam gücü ilə işlədiyini və buraxılış gücünün illik 5 milyon tonadək artdığını bildirib.
Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev açıqlamasında deyib ki, ekoloji təmiz dəmir yolu nəqliyyatı, Azərbaycanın nəqliyyat strategiyasının əsas komponentlərindən biridir:
“Son zamanlar həyata keçirilən infrastruktur yenilikləri, elektrifikasiya layihələri çərçivəsində ölkənin əsas dəmir yolları səmərəli hala gəlməkdədir. Gələcəkdə də bu istiqamətdə atılacaq addımlar, Ölkəmzin ekoloji təmiz nəqliyyat sahəsində üstəlik Cənubi Qafqazda müəyyən söz sahibi edə bilər. Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması həmdə iqtisadi baxımdan ölkənin gəlirlərini artmasına səbəb ola bilər”.
O bildirib ki, 2015-ci ildən sonra dəmir yollarına kütləvi şəkildə yeni vaqonlar gətirildi:
“Azərbaycan, dəmir yolu infrastrukturu sahəsində sürətli modernləşmə prosesində mühüm addımlar atıldl. 2015-ci ildə ölkəmizin ADY şirkəti xarici şirkətlərlə müqavilə bağlayaraq, iki mərtəbəli elektrik qatarlarını ölkəyə gətirildi. Bu qatarlar Bakı-Sumqayıt marşrutunda istifadə olunur və sərnişinlərin konfortlu hərəkətini təmin edir”.
V.Qocayev qeyd edib ki, dəmir yollarını genişləndirmək lazımdır:
“Dəmir yolları sahəsində ciddi dəyişiklər aparılsa da, sərnişin çoxluğu metroda olduğu qədər deyil. Bunun səbəbi dəmir yol xətlərnin rentabelli olmamasıdır.
Məsələn, Ceyrabatan qəsəbəsindən dəmir yol xətti keçsə də, orada dəmir yolu stansiyası yoxdur. Məhz buna görə Ceyrəbatan qəsəbəsinə yollanan sərnişinlər avtobuslardan və taksilərdən daha çox istifadə edirlər. Amma orada stansiya olsa, avtobuslara və taksilərə düşən yük azala bilər”.
(cebhe.info)