AZ

HP: Həyatın yığım sığortasına yönəldilən vəsait DSMF-nin resurslarını məhdudlaşdırır

Həyatın yığım sığortasına yönəldilən əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin, habelə müvafiq sığortaya cəlb olunan sığortaolunanların artım tempinə malik olması Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə və sosial sığorta resurslarının sərhədlərini məhdudlaşdıran amilləri formalaşdırır.

APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, həyatın yığım sığortasına cəlb olunmuş vəsaitin 2023-cü il üzrə 360,9 mln. manatı, 2024-cü ilin ilk 6 ayı ərzində isə 245,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Bu isə, öz növbəsində, hər iki dövr üzrə ümumi vəsaitin 98,9%-i həcmini təşkil edir.

2023-cü ildə məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlər 1162,8 mln. manat təşkil etmişdir ki, bu da il ərzində hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 5,4%-i həcmində olmuşdur. Müvafiq ildə həyatın yığım sığortasına yönəldilmiş vəsait məcburi dövlət sosial sığortaya cəlb edilməyən gəlirlərin 31,4%-i səviyyəsində olmuşdur. DVX tərəfindən 2024-cü ilin I yarımilliyi üzrə təqdim olunmuş məlumatlara əsasən isə cari ilin ilk 6 ayında hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 573,3 mln. manatı və ya 5,1%-i məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlərdən ibarətdir ki, bunun da 43,3%-i həyatın yığım sığortasına yönəldilmişdir. Onu da qeyd etmək lazımdır ki, cari ilin I yarımilliyi üzrə həyatın yığım sığortasına yönəldilmiş vəsait ötən ilin müvafiq istiqamət üzrə illik göstəricisinin 68,0%-i həcmində olmaqla yanaşı, ötən ilin I yarımillik üzrə göstəricisindən də 20,6% yüksəkdir.

Yuxarıda da qeyd olunduğu kimi müvafiq sığorta növünün qısa zaman çərçivəsini əhatə etməsi, eyni zamanda sığortaolunanın qanunvericiliyin tələbinə uyğun əmək pensiyası hüquqlarını da məhdudlaşdırmaması sığortaolunanların həyatın yığım sığortasından yararlanmaq stimulunu yüksəldir. Sosial sığorta brendi olaraq həyatın yığım sığortasının yüksələn tempə malik olması gələcəkdə özəl maliyyə sektorunu alternativ sığorta növlərinin hazırlanıb tətbiq olunmasına stimullaşdıracaq. Bu isə, son nəticədə, fondun maliyyə göstəricilərinə təsir göstərən amildir.

Seçilən
0
4
apa.az

5Mənbələr