AZ

Azərbaycanın gəncliyinin GƏLƏCƏYİ: Vətənə bağlılıq və tarixi missiya

Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti dünyanın ən qədim və zəngin irslərindən biridir.

Bu torpaqlarda min illər boyu inkişaf etmiş dövlətçilik ənənələri, yüksək mədəniyyət və elmi nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb. Azərbaycan xalqı öz tarixi boyunca müxtəlif sivilizasiyalarla əlaqədə olaraq, zəngin mədəniyyətini, dilini və adət-ənənələrini qorumaqla yanaşı, elmi və intellektual inkişafı da daim təşviq edib. Azərbaycan mətbəxi, musiqisi, rəqsləri və geyimləri bu xalqın mədəni irsinin mühüm tərkib hissələridir.

Milli adət-ənənələrin qorunması və təbliği Azərbaycan xalqının öz kimliyini və mədəniyyətini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Həmçinin Azərbaycanda elm sahəsindəki nailiyyətlər də dünya səviyyəsində qəbul olunub. Müasir dövrdə Azərbaycan təhsilinin, elm və texnologiyanın inkişafı, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoq ölkəmizin qlobal mövqeyini daha da gücləndirir.

Azərbaycanın dövlətçilik tarixinin və mədəniyyətinin təbliği, həmçinin dünya xalqları arasında Azərbaycanın tanınmasının vacib amilidir. Bu zəngin irs, gələcək nəsillərə ötürülməli və daha da inkişaf etdirilməlidir ki, Azərbaycan öz dövlətçilik ənənələrini və mədəniyyətini davam etdirərək beynəlxalq aləmdə öz layiqli yerini qorumağa davam etsin.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycanın dövlətçilik tarixinə baxsaq, həm XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanı, həm də sonrakı dövrlərdə çox önəmli qərarların qəbul edildiyini, lakin müstəqilliyimizi qoruyub saxlaya bilmədiyimizi görərik:

“Qızıl ordu” tərəfindən Azərbaycan əraziləri işğal olundu, sonradan isə Azərbaycan SSRİ formalaşdırıldı. Buna baxmayaraq uzun illər Azərbaycan adı ən azından qorunub saxlanıldı. 1991-ci ildə müstəqillik qazandıqda Azərbaycan çox çətin vəziyyətdə idi. Çünki Qarabağda qondarma rejim problemi ortaya çıxdı. Havadarlarının da dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarını öz nəzarətində saxlamaq və bu əraziləri işğal etmək niyyətində idi. Çox təəssüf ki, həmin dövrdə bizim müstəqilliyimiz təhlükə altında idi. Yalnız 1993-cü ildə xalqın da təkidi ilə Ulu öndər Heydər Əliyevin yenidən ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan ərazilərinin parçalanması, müstəqilliyinə son qoyulması təhlükəsi aradan qalxdı. Məhz onun rəhbərliyi altında Azərbaycan möhkəmləndi və gücləndi. Bu səbəbdən müasir Azərbaycanın qurulması Heydər Əliyevin adı ilə bağlıdır”.

Millət vəkilinin fikrincə, Ümummilli lider Heydər Əliyevin çətin vəziyyətdə Azərbaycanın bütövlüyünü qoruyub saxlaması sonrakı dövrdə, yəni 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi:

“Bir sözlə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət və uğurlu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da gücləndi, möhkəmləndi. Azərbaycan iqtisadiyyatı, ordusu yenidən quruldu. Bu gün gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin milli vətənpərvər ruhda yetişdirilməsi, düzgün ideoloji təbliğatın aparılması nəticəsində 44 günlük Vətən müharibəsi ilə işğal altında olan Qarabağı geri qaytardıq. İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər İkinci Qarabağ savaşı zamanı torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak etdi. Qarabağı görməyən həmin gənclər torpaq, vətən uğrunda ölümün gözünə dik baxaraq, şəhid olmağı gözə alaraq bu mübarizədə ön cərgələrdə dayandılar”.

“Ancaq təəssüflər olsun ki, bəzən gənclərimizə bu reallıqlar, əsl Azərbaycan dövlətçiliyi tarixi deyil, yanlış informasiyalar öyrədilir, ya da qəsdən ötürülür. Xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə edən xarici qüvvələr Azərbaycan gənclərini tamamilə fərqli istiqamətə yönləndirməyə çalışırlar. Dövlət-xalq birliyinin qorunub saxlanmasına mane olmaq istəyirlər. Bir sözlə, yalançı liderlər yaradaraq təbliğatı ilə məşğul olur müasir gənclərin düşüncələrində tamamilə fərqli dövlətçilik tarixi formalaşdırmaq istəyirlər. Azərbaycan dəyərlərinə və kimliyinə uyğun olmayan qəhrəmanları təbliğ etməklə milli kimliyimizdən gənclərimizi uzaqlaşdırmaq və dövlətçilik tariximizin doğru-düzgün öyrənilməsinə olan marağı azaltmağa çalışırlar”, – deyə o, əlavə edib.

Məktəblərdə milli vətənpərvər ruhda Azərbaycan, dünya, türk və dövlətçilik tarixinin öyrədilməsi ilə bağlı dərsliklər mütəmadi olaraq yenilənir. Ancaq bununla kifayətlənməməliyik. Çünki formalaşan müasir gənclər yeni üsullarla biliklərin mənimsənilməsinə üstünlük verirlər. Bu baxımdan xüsusilə onların maraq dairəsinə daxil olan bədii, sənədli filmlər, xüsusi sosial çarxlar, təbliği və maarifləndirici oyunlar istehsal etməliyik. Gənclərimiz bunun vasitəsilə əsl dövlətçilik tarixini öyrənməlidirlər.

Bunlarla yanaşı çalışmalıyıq ki, dövlətçilik tariximiz tədris olunan zaman obyektivliyə üstünlük verilsin. Gənclərimiz dövlətçilik tariximizi bilməklə fəxr edib, bunu öyrənməyi özünə borc bilsinlər. Bunun üçün yalnız dövlətdən, aidiyyatı qurumlardan addım gözləməməliyik. Hər bir Azərbaycan vətəndaşı gənclərin milli və vətənpərvər ruhda yetişdirilməsində, dövlətçilik tariximizin öyrənilməsində və öyrədilməsinə töhfə verməkdən çəkinməməlidir”, – deyə o, əlavə edib.

“Azərbaycana qarşı xaricdən mübarizə aparan sapı özümüzdən qüvvələrin istəklərinə çatmaması üçün gənclərimizi düzgün tərbiyə etməliyik. Onlara dövlət, vətən sevgisi, milli kimliyimizə və ruhumuza bağlılığı daim təbliğ etməliyik. Çünki suverenliyimizi bərpa etsək də, düşmən ayıqdır, qətiyyən yatmayıb. Bizim də arxayınlaşmağa haqqımız çatmır.

Bu günlərdə bizim strateji hədəflərimizdən biri də soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycana qayıdışını təmin etməkdir. Necə ki zamanında biz hər birimiz qarabağlı idik, indi də zəngəzurluyuq. Hər bir Azərbaycan vətəndaşı bu dövrdə qərbi azərbaycanlı olmalıdır. Biz kimliyimizdən harada doğulmağımızdan, hansı soya malik olmağımızdan asılı olmayaraq hər birimiz Qərbi Azərbaycana qayıdışla bağlı təbliğat prosesində yaxından iştirak etməliyik”, – deyə o bildirib.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, müasir dövrün tələblərinə uyğun olaraq yeni tendensiyada azyaşlı və ümumilikdə gənc nəslin texnologiyaya marağı yüksəkdir:

“Onların müxtəlif texnoloji rabitə vasitələrinə daha çox maraq göstərmələri gənc nəslin elm və təhsil, eyni zamanda digər kütləvi mədəni proqramlardan uzaqlaşmasına gətirib çıxarır. Burada başlıca məqsəd şəxsləri daha asan idarə etmək və ya yönləndirmək məqsədi daşıyır. Bu, təkcə Azərbaycan cəmiyyəti üçün deyil, ümumilikdə, dünyanın əksər ölkələrində müşahidə edilir, həm də illərdir. Sözügedən mənfi tendensiyanın qarşısının alınması üçün ilk növbədə təhsilə diqqət ayırmalıdır. Yəni ən aşağıdan ən yuxarı təhsil pilləsinə qədər şagirdlər vətənpərvərlik ruhunda yetişdirilməlidir. Eyni zamanda, yoldaşları ilə münasibətlərində etik qaydaların gözlənilməsi, dövlətə və xalqa bağlı olması, elmə, təhsilə daha çox diqqət ayırması istiqamətdə düzgün və koordinasiyalı iş qurulmalıdır”.

“Düzdür, hazırda bu istiqamət üzrə müəyyən işlər aparılır və təkcə dövlət qurumları deyil, eyni zamanda da bəzi QHT-lər də fəaliyyətini əsirgəmirlər. Lakin görünən odur ki, hələ də tam istədiyimiz səviyyəyə çatmamışıq. Boşluqların aradan qaldırılması üçün yalnız müəyyən qurumlar deyil, eyni zamanda, vətəndaşlar, valideynlər də maraqlı olmalıdırlar ki, övladları vətənə, millətə, elmə bağlı olaraq formalaşsınlar”, – deyə o fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
2
yenicag.az

1Mənbələr