AZ

"Azərbaycan ilk növbədə təhlükəsizlik məsələlərini diqqətdə saxlayır" - ŞƏRH EDİLDİ

"2020-ci il 27 sentyabrda Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın başlatdığı əks-hücum fəaliyyəti 44 gündən sonra qəti qələbə ilə nəticələndi". Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, üç rayonumuz Ağdam, Kəlbəcər və Laçının məhz Ermənistanın kapitulyasiya aktına məcbur imza atdıqdan sonra Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı üçtərəfli bəyənatda qeyd olundu: "Həmin rayonların Azərbaycana qaytarılması müzəffər Ali Baş Komandanın, qəhrəman ordumuzun növbəti uğuru kimi qiymətləndirilməlidir.

Noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı prosesləri izlədik. Azərbaycan hər zaman olduğu kimi yenə də məsələyə humanizm prinsipləri ilə yanaşdı. Kəlbəcərdən ermənilər 10 gün daha tez çıxmalı idilər, vaxt istədilər və Azərbaycan bu vaxtı onlara tanıdı. Ancaq buna rəğmən yenə də erməni xislətinə uyğun olaraq azərbaycanlılara aid yaşayış məntəqələrini dağıdaraq, yandıraraq, əsl simalarını göstərərək əraziləri tərk etdilər.

Ancaq bütün bunlara baxmayaraq ikinci Qarabağ müharibəsindən sonra biz Qarabağda, Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə çox sürətli şəkildə bərpa-quruculuq işlərinin həyata keçirildiyini müşahidə edirik. Xüsusilə, qeyd etməliyik ki, sözü gedən bərpa və quruculuq işlərinə ən çox təsir edən mənfi amillər vaxtilə erməni terrorçularının həmin ərazilərdə kütləvi şəkildə basdırdıqları minalardır. Buna baxmayaraq Azərbaycan tərəfi ilk növbədə təhlükəsizlik məsələlərini hər zaman diqqətdə saxlayır. Ərazilərin minalardan təmizlənməsi, yolların salınması, infrastrukturun yaradılması və keçən dörd il ərzində inşa edilən bir çox yaşayış və iaşə binaları, paralel olaraq təhsil müəssisələri, elektrik stansiyaları daxil olmaqla bu istiqamətdə ciddi şəkildə quruculuq işlərinin davam etdirildiyini müşahidə edirik. İldən-ilə Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərin sayında ciddi artımları müşahidə edirik. Bu da o deməkdir ki, artıq həmin torpaqların öz sahibləri geri qayıdır, cənab Prezidentin də vurğuladığı kimi həmin ərazilərdə dirçəliş və canlanma prosesinin sürətli şəkildə həyata keçirilməsi üçün bütün zəruri addımlar atılır".

"Son dörd ildə sözü gedən ərazilərin bərpa-quruculuq işlərinə xərclənən maliyyə vəsaitinə baxdığımız zaman 20 milyard manata yaxın vəsaitdən söhbət gedir. Ümumi görülən işin həcminə baxdıqda artıq bu məsələ ilə bağlı miqyasın çox geniş həcmdə olduğunu görə bilərik. Elə hesab edirəm ki, oraya qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizlik və gündəlik həyat fəaliyyətinin təmin olunması üçün bu günə qədər bütün zəruri tədbirlər həyata keçirilib. Bundan sonra da biz Qarabağ və Şərqi Zəngəzurda "Böyük Qayıdış" planına əsasən bütün zəruri fəaliyyətlərin həyata keçirildiyini müşahidə edəcəyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
5
sia.az

1Mənbələr