AZ

Keniyalı nümayəndə: "İqlim dəyişikliyi insanlara adaptasiya üçün vaxt vermir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ərazisinin təxminən 83%-i quraq və yarımquraq olan Keniya kənd təsərrüfatı və heyvandarlığın saxlanması üçün iki yağış mövsümündən çox asılıdır. Lakin iqlim dəyişikliyi səbəbindən quraqlıq və daşqınlar tezləşib ki, bu da bir çox icmanın həyatını təhlükə altına alıb".
Bu barədə "Spring of the arid & Semi arid lands" gənclər qeyri-hökumət təşkilatının (QHT) icraçı direktoru və təsisçisi Mana Omar Oxu.Az-a açıqlamasında bildirib
O, Keniyadakı masai yerli icmaları ilə iş təcrübəsini bölüşüb və bu icmaların iqlim dəyişikliyi səbəbindən üzləşdiyi problemlər, QHT-lərin onlara yardım göstərməsindəki rolu barədə danışıb.
"İqlim dəyişikliyi - təbiətinə görə kəskin dəyişən, insanlara adaptasiya üçün vaxt verməyən mürəkkəb prosesdir", - deyə Mana Omar vurğulayıb.
O qeyd edib ki, COP29 konfransında masai ənənəvi dilində iqlim ədaləti haqqında mahnı təqdim edilib. Bu təşəbbüs iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən yerli maldar icmaların problemlərinə diqqət çəkmək məqsədi daşıyır.
İnkişaf etməkdə olan ölkə kimi, Keniya bütün sakinlərini iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün kifayət qədər resursa malik deyil. Buna görə də bir çox icmalar, xüsusilə də marginal ərazilərdə yaşayanlar QHT-lər və donorların köməyindən çox asılıdırlar.
"Bizim kimi yerli təşkilatlar marginal ərazilərdə yaşayan yerli icmalara, insanlara iqlim dəyişikliyinə adaptasiya olmağa və onun təsirlərini yumşaltmağa kömək üçün müdaxilə edirlər", - deyə Mana Omar izah edib.
Keniyanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində iddialı planları və siyasətinə baxmayaraq, milli səviyyədə layihələrin həyata keçirilməsi həmişə yerli icmalara çatmır. Məhz burada yerlərdə birbaşa insanlarla işləyən QHT-lər köməyə gəlir.
Rufina Abdullayeva
Seçilən
20
2
oxu.az

3Mənbələr