AZ

“Böyük Qayıdışda” mina problemi- heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

Image

Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanın dağıdıb viran qoyduğu, evlərinin bünövrəsinə qədər söküb yerlə yeksan etdiyi kəndləri, qəsəbələri yenidən qurmağa başladıq, o ərazilərdə tikinti-bərpa, quruculuq işlərinə start verdik. 

“Böyük Qayıdış” prosesi başladı, artıq bir sıra rayon və kəndlərdə məskunlaşdırma həyata keçirilir. Amma məskunlaşdırmaya mane olan amillər də var ki, burada mina probleminin, beynəlxalq dəstəyin olmamasını xüsusi qeyd etməliyik. 

“Böyük Qayıdış”a beynəlxalq təminat olmadı...

Heç şübhəsiz, “Böyük Qaydış”a  milli və beynəlxalq təminatların olması çox əhəmiyyətlidir. Bilirik ki, bu istiqamətdə ciddi milli təminatlar var, bunu biz də, dünya da bilir. Azad ərazilərdə bütün işləri öz gücümüzlə həyata keçiririk, Azərbaycan dövləti ora böyük maiyyə vəsaiti qoyur, qaçqınları geri qaytarırıq, ağıllı kəndlər, şəhərlər yaradırıq, təhlükəsizliyi qoruyuruq, ərazilərimizi minalardan təmizləyirik. Bütün bunları Azərbaycan dövləti təkbaşına özü edir. Amma təəssüflə demək olar ki, “Böyük Qayıdış”a beynəlxaql təminat, beynəlxalq dəstək  sıfır səviyyəsindədir. Gizlin deyil ki, bu istiqmaətdə beynəlxalq təminat yoxdur, maliyyə yardımı göstərilmir, sakinlərin qayıdışı yolunda ciddi məsələ olan ərazilərin minalardan təmizlənməsinə hər hansı bir dəstək verilmir. Beynəlxalq birlik özünü o şəkildə göstərir ki, guya “Böyük Qayıdış”dan, bu prosesə, tikinti-quruculuq, bərpa işlərinə mane olan mina problemini görmür. “Böyük Qayıdış”a beynəlxalq birliyin nə siyasi nə diplomatik, nə də həmrəylik dəstəyi var, biz bunların heç birini görmürük, hiss etmirik. 

Beynəlxalq birliyin bu etinasız yanaşması, qeyri-humanist davranışının mövcudluğunun kökündə təbii ki, bəzi Qərb dövlətlərinin, müəyyən mərkəzlərin, ermənipərəst dairələrin Azərbaycanın qələbəsini həzm edə bilməməsi, ifrat ermənipərəstlik, qərəz və ikili standartlar dayanır.  

Ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq dəstəyin sıfır dərəcədə olması əlbəttə, mənfi və qəbuledilməz haldır. Əlbəttə, mina probleminin mövcudluğu keçmiş məcburi köçkünlərin də qayıdışına, tikinti, quruculuq, bərpa işlərinin də həyata keçirilməsinə mane olur.  Ermənistanın bizim ərazilərdə basdırdığı minaların yaratdığı fəsadlarla bağlı dəfələrlə beynəlxalq qurumıara məlumatlar verilsə də, onlar buna səssiz qalıblar. Reaksiya verməməkləri, dəstək göstərməməkləri bir yana ölkəmizə qarşı qondarma ittihamlar irəli sürüblər. 

Ekspertlər bildirir ki, “Böyük Qayıdış” prosesinə milli təminatla yanaşı beynəlxalq təminatın da olması çox vacibdir. Azərbaycan əməkdaşlıq etdiyi bütün beynəlxalq qurumlar qarşısında götürdüyü öhəliklərə layiqincə əməl etsə də, təəssüf ki, onlar belə davranmırlar, ermənilərin tərəfini tutur, bizə qarşı düşmənçilik sərgiləyirlər. Ekspertlər bildirilər ki, Qərbi azərbaycanlıların deportasiyası zamanı da, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi və 1 milyon vətəndaşımızın qaçqın düşdüyü dövrdə də beynəlxalq birlik ağzına su alıb dayandı, öz öhtəliklərini yada salmadı. Eyni mənzərəni “Böyük Qaydış” prosesində də gördüyümüzü deyən ekspertlərə görə, beynəlxalq birlik heç zaman Azərbaycana səmimi olmayıb. 

“Onlar “Böyük Qayıdış” prosesinin həyata keçirilməsini istəmirlər”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu bəzi Qərb ölkələrinin növbəti qərəzinin, iki standartlarının təzahürüdür. “Bu prosesə beynəlxalq təminatın, beynəlxalq dəstəyin olmaması Qərb ölkələrinin ikili standatlarının göstəricisidir. Hətta adamda belə təsəvvür yaranır ki, Fransa və bəzi onun kimi dövlətlər o torpaqların əbədi və əzəli sakinləri olan və vaxtilə Ermənistanın təcavüzü  nəticəsində ordan qaçqın, məcburi köçkün düşmüş azərbaycanlıların yenidən öz doğa torpaqlarına qayıtmasını istəmirlər. Həmin bu dövlətlərin, onların dəstəklədiyi bəzi təşkilatların, beynəlxalq qurumların qərəzli davranışları, azad ərazilərdə həyata keçirilən tikinti-quruculuq, bərpa işlərinə dəstək verməmələri adamda belə təəssürat yaradır ki, onlar “Böyük Qayıdış” prosesinin həyata keçirilməsini istəmirlər. Bu da təəssüfdoğurucu yanaşmadır. Deyim ki, nə bəzi Qərb ölkələrinin, nə hansısa beynəlxalq təşkilatların, beynəlxalq birliyin, müəyyən siyasətçilərin bunu istəyib istəməməyindən aslı olmayaraq Azərbaycan bu prosesi davam edirir, dövlətimiz bu prosesdən geri çəkiləcək deyil.  Bu boyda böyük prosesi təkbaşına həyata keçirmək, bütün bunları daxili maliyyə hesabına təmin etmək əlbəttə,  çox çətindir. Amma biz bu məsələlərdən geri çəkilmirik, öz işlərimizi görürük, prosesləri davam etdiririk. Həmin o qərəzli dövlətlər də, onların rəhbərləri də, təşkilatların təmsilçiləri də görürlər ki, onların dəstəyi olmadan da biz bu işləri icra edirik, insanlarımız öz yurdlarına qayıdır. Artıq yüzlərlə insanımız azad ərazilərə qayıdıb və orada həyat qaynayır. Bax, bu da onları qıcıqlandırır. Onların bu davranışına baxmayaraq prosesi davam etdiririk”.

M.Göyüşlü qeyd etdi ki, Azərbaycan istər 44 günlük müharibədə, istərsə də 1 günlük antiterror tədbirləri zamanı, istərsə də azad ərazilərdə tikinti-quruculuq, bərpa işləri ilə dünyaya bir nümunə göstərir, tarix yazır. “Bu baxımdan hesab edirəm ki, biz yüksək səviyyədə başladığımız bu prosesə yüksək səviyyədə də yekun vuracağıq”.

M.Göyüşlü əlavə etdi ki, “Böyük Qayıdış”a beynəlxalq təminatın, beynəlxalq dəstəyin olması da çox vacib məsələdir və bu ən azından minaların təmizlənməsinə töhfə verərdi. Amma beynəlxalq birliyin bu istiqamətdə heç bir dəstəyinin hiss olunmadığını deyən müsahibimiz vurğuladı ki, beynəlxalq birlik öz vəzifəsini dərk edib dəqiq mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməli olduğu halda bunu da etmir. O, təəssüflə vurğuladı ki, onların ermənipərəstliyi və qərəzi missiyalarına kölgə salır. M.Göyüşlü hesab edir ki, zamanında beynəlxalq birlik Azərbaycanın haqq işinə siyasi-diplomatik dəstək və həmrəylik göstərsəydi indi “Böyük Qayıdış” daha sürətli gedərdi, amma biz bunu onlardan görə bilmədik...

Bəli, görə bilmədik. Bu isə, qeyd olunduğu kimi, onların birbaşa ikili standrtlarının, ermənipərəstliklərinin və antiazərbaycvan mövqeyinin təzahürüdür...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
13
baki-xeber.com

1Mənbələr