AZ

244 milyon manat elm üçün nə deməkdir...

Image

Kamran Əsədov: “244 milyon manatın bir hissəsi regionlarda elmi infrastrukturun gücləndirilməsinə ayrılarsa, bu, elmin daha geniş coğrafiyada inkişafını təmin edə bilər”

2025-ci ilin büdcə layihəsində “Elm” köməkçi bölməsi üzrə ötən illə müqayisədə 8.3 milyon manat çox (3.5% artım) olmaqla ümumilikdə 244.4 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, bu vəsaitin 81.1 milyon manatı Elm və Təhsil Nazirliyinin tabeli elmi müəssisə və təşkilatları üçün nəzərdə tutulub. Bunun da 80%-i və ya 65.3 milyon manatı əməyin ödənişi xərclərinə aiddir.

Maraqlıdır, bu məbləğ elm və təhsilin inkşafı və gənc alimlərin maliyyələşməsi üçün yetərli hesab edilə bilərmi?

“2025-ci il üçün ayrılan vəsaitin müsbət artım nümayiş etdirdiyini demək mümkündür, lakin bu məbləğ beynəlxalq standartlarla müqayisədə kifayət deyil”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2025-ci il üçün dövlət büdcəsində elm sahəsinə 244 milyon manat vəsait ayrılması Azərbaycan elminin inkişafı və gənc alimlərin maliyyələşməsi baxımından əhəmiyyətli bir addımdır: “Öncəliklə, ayrılan vəsaitin artım dinamikasına nəzər salaq. 2022-ci ildə elm sahəsinə 167,8 milyon manat ayrıldı. Bu rəqəm 2023-cü ildə 193,6 milyon manata yüksəlmişdi ki, bu da təxminən 15,3 faizlik artım deməkdir. 2025-ci ildə isə bu göstərici 244 milyon manata çatdırılacaq ki, bu da 2023-cü illə müqayisədə 26 faizlik bir artımı göstərir. Artım tempi pozitiv olsa da, bu vəsaitin ümumi daxili məhsul (ÜDM) və dövlət büdcəsi xərcləri daxilindəki payına diqqət yetirmək lazımdır. 2023-cü ildə elm sahəsinə ayrılan vəsait ÜDM-in yalnız 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil etdi. Planlaşdırılan artıma baxmayaraq, bu nisbətlərin əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmək çətindir. Beynəlxalq təcrübəyə nəzər saldıqda isə Azərbaycanla müqayisədə inkişaf etmiş ölkələrin ÜDM-in 2-3 faizini elm və tədqiqat işlərinə ayırdıqları məlum olur. Azərbaycan isə bu göstəricidə 1 faizdən xeyli aşağı qalır. Bu, ölkənin elmi potensialını beynəlxalq standartlarla müqayisədə aşağı səviyyədə saxlayır və əlavə maliyyə dəstəyi ehtiyacını önə çıxarır. Gənc alimlərin maliyyələşməsi məsələsi də ayrıca diqqət tələb edir. 2023-cü ildə Azərbaycan Elm Fondunun icra etdiyi vəsait 3,091.6 min manat olub ki, bu, proqnoza nisbətən 35,8 faiz azdır. Bu rəqəmlər gənc alimlərin maliyyə dəstəyi üçün ciddi problemlərin olduğunu göstərir. Bu sahədə resurs çatışmazlığı həm yeni tədqiqatların aparılmasını, həm də gənc alimlərin elmi karyerada qalmasını çətinləşdirir. Elmin inkişafı üçün yalnız ayrılan məbləğ deyil, həmin vəsaitin səmərəli bölüşdürülməsi və istifadə olunması mexanizmləri də əhəmiyyətlidir. Azərbaycanın elmi infrastrukturunun modernləşdirilməsi, prioritet sahələr üzrə elmi tədqiqatların maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlıqların artırılması üçün strateji yanaşmalar tətbiq edilməlidir. Bu məqsədlə, ayrılan vəsaitin bir hissəsi gənc alimlər üçün xüsusi qrant proqramlarına, beynəlxalq elmi layihələrdə iştiraka və elmi nəticələrin kommersiyalaşdırılmasına yönəldilməlidir. Bununla yanaşı, regionlarda elmi tədqiqat mərkəzlərinin inkişafı da aktualdır. Hazırda elmi fəaliyyət əsasən paytaxtda cəmləşib və bu, ölkənin digər bölgələrində elmin inkişafını məhdudlaşdırır. 244 milyon manatın bir hissəsi regionlarda elmi infrastrukturun gücləndirilməsinə ayrılarsa, bu, elmin daha geniş coğrafiyada inkişafını təmin edə bilər. Nəticə olaraq, 2025-ci il üçün ayrılan vəsaitin müsbət artım nümayiş etdirdiyini demək mümkündür, lakin bu məbləğ beynəlxalq standartlarla müqayisədə kifayət deyil. Daha yüksək səviyyəli nəticələr əldə etmək üçün elmin maliyyələşməsində davamlı artımlar təmin edilməli, səmərəli idarəetmə mexanizmləri qurulmalı və gənc alimlərin inkişafına xüsusi diqqət ayrılmalıdır. Əks təqdirdə, bu artım elmi sahədə gözlənilən dəyişiklikləri təmin etmək üçün yetərli olmayacaq”.

Günel CƏLİLOVA





Seçilən
24
baki-xeber.com

1Mənbələr